Ərazidə baş verənlərin PƏRDƏARXASI: “Azərbaycan tərəfi Qarabağda məskunlaşmanı sürətləndirsə…” – ŞƏRH

“Rusiya ya Azərbaycan tərəfi ilə açıq qarşıdurmaya getməli idi, ya da tələbləri nəzərə alıb hansısa güzəştlər etməli idi. Ruslar ikinci yolu seçdilər”.

Bunu Laçın dəhlizində gömrük postlarının qurulmasının reallığı, Azərbaycanın monitorinq qrupunun Xankəndində olması və prosesin inkişafını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan istəyinə addım-addım yaxınlaşır:

“Üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlı qoşunlarının Qarabağın erməni əhalisi yaşayan hissəsində yerləşdiyi müddətdə bütün məsələlər ruslarla bərabər həll edilməlidir. Azərbaycana Rusiya ilə münaqişəyə girmək lazım deyil. Əgər bir məsələ razılaşma ilə, dinc yolla həll edilə bilərsə, o şəkildə də etmək lazımdır. Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət edirlər. Amma bu zaman Azərbaycan tərəfini razı salan nə yüklər, nə də insanlar oradan keçir. Oradan xaricilər, erməni dövlət xadimləri, silah, hərbi texnika keçir. Azərbaycan tərəfi bunu diplomatik qaydada, dövlət başçıları səviyyəsində Moskvaya çatdırdı. Ancaq Rusiya öz bildiyini edirdi. Bundan sonra Azərbaycan tərəfi məsələni qabartmağa başladı, diplomatik təzyiqlə bərabər informasiya təzyiqini qaldırmağa başladı. Rusiya gördü ki, iki yol var. Ya Azərbaycan tərəfi ilə açıq qarşıdurmaya getməlidir, ya da Azərbaycan tərəfinin tələblərini nəzərə alıb hansısa güzəştlər etməli idi. Ruslar ikinci yolu seçdilər.

Artıq azərbaycanlılar ermənilərin yaşadığı ərazilərə daxil olurlar. Orada istədikləri işi görəcəklər. Əgər gömrük postu ruslarla birgə yaradılırsa, bu o deməkdir ki, ora peşəkar gömrük işçiləri gedəcəklər. Xüsusi avadanlıqlar aparılacaq.

Azərbaycan istəyinə addım-addım yaxınlaşır. Rusların orada qalmasına iki ilə yaxın vaxt var. Azərbaycan həmin vaxta qədər öz mövcudluğunu gücləndirəcək. O vaxta qədər bəlkə erməni əhalisi ilə barışıq oldu. Müəyyən kontaktlar var. Artıq bir müddətdən sonra ola bilsin, Azərbaycan tərəfi açıq dedi ki, erməni əhalisinə hansı imtiyazlar verəcəklər. Bu məsələ həm də məişətdən, həyat şəraitindən aslıdır. Onlar hələlik Azərbaycandakı vəziyyətə, insan hüquqlarına, ifadə azadlığına baxırlar və hələlik belə istəmədiklərini deyirlər. Ermənistan da orada bunu təbliğ edir. Əgər biz Qarabağı, vətəni seviriksə, çalışmalıyıq ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət yaxşılaşsın”.

Monitorinq qrupunun Xankəndinə getməsinə gəldikdə isə politoloq bunları deyib:

“Azərbaycan əraziyə filiz mədəninin yoxlanılması adı ilə girdi. Müəyyən mənada bunun qarşısı alınacaq. Bundan sonra əlaqələr yaranacaq. Azərbaycan tərəfindən ora hər gediş bir münasibət yaranmasına gətirib çıxaracaq.

Azərbaycan tərəfi Qarabağda məskunlaşmanı sürətləndirsə, ermənilərin yaşadığı ərazilərin ətrafında 40-50-100 min azərbaycanlı yaşasa, təmaslar olacaq, köhnə tanışlar tapışacaq, yeni münasibətlər yaranacaq və ermənilər daşı ətəklərində tökə bilərlər. Barışmaq üçün mütləq mehriban danışmaq lazımdır”.

Səxavət Məmməd