“Vəziyyət hətta o yerə çatacaq ki, ermənilər özləri konstitusiyaya düzəliş edəcək, saxta və qondarma iddialarından əl çəkəcək, torpaqlarımızla bağlı fikirləri beyinlərindən silməyə çalışacaqlar”.
Bunu Yenicag.az-a açıqlamasında ermənilərin işğal dövründə ölkəmizə vurduğu zərərin təzminatının ödənilməsi üçün Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti əsasında qərarın hansı formada verilə biləcəyindən danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, Ermənistanın işğalçılıq dövründə milli, mədəni, tarixi irsə qarşı hansı vəhşiliklərin və cinayətlərin törədildiyinə şahid olmaq üçün bəlkə də təkcə Ağdam şəhəri nümunəsi yetərlidir.
“Cinayət məsuliyyəti ilə paralalel olaraq həm də Ermənistanın maddi məsuliyyəti var. Beynəlxalq Ədalət Məhkəməsi yalnız dəymiş zərərin ödənilməsi ilə kifayətlənməri, eyni zamanda, onların islah olunmasını təmin edir. Belə ki, ermənilər 30 il ərzində ərazilərimizi işğal altında saxlayıb, bütün infrastrukturu yerlə-yeksan edib, oğurlaya bildiklərini oğurlayıb, talaya bilmədiklərini isə dağıdıblar. Bununla da yekunlaşmayıb, Azərbaycanın flora və faunasını, ekologiyasını məhv ediblər”, – deyə o bildirib.
X.Bəşirov əlavə edib ki, kommunikasiya xətlərinin, yolların, körpülərin, şəhər infrastrukturunun yenidən qurulması, yəni ümumilikdə Qarabağın bərpası üçün ayrılan milyardlarla dollar vəsait fakt və sübutdur.
“Nəticə olaraq bu gün Ermənistanın ödəməli olduğu 100 milyardlarla dollar təzminatdan söhbət gedir ki, İrəvanın onu təkbaşına ödəmək imkanı yoxdur. Bu, Azərbaycana maraqlı deyil.
Ödənə bilməyən təzminatın bağışlanması ilə bağlı beynəlxalq təcrübə yoxdur. Almaniya və İraqın təzminat ödəməsi üçün səfərbər olan güclər bu gün Ermənistan qarşı da eyni mövqeni sərgiləməlidir. Yoxsa, Azərbaycan yenə də beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, öz gücünə haqqını bərpa edəcək”, – deyə o qeyd edib.
O vurğulayıb ki, İrəvana silah yardımı edənlər bunun əvəzinə təzminatı ödəmək üçün yardım göstərə bilərlər.
“Çünki məsələ Ermənistanın dövlət mövcudluğunun təhlükəsindən ibarətdir.
Eyni zamanda, Ermənistan özü də bilir ki, həmin ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Təzminat kimi həmin ərazilərin geri qaytarılması məsələsi də gündəmdədir. Bu, ermənilərə dərs olar ki, başqalarının ərazisinə qarşı iddia səsləndirməyin nəticəsi necə olur. Vəziyyət hətta o yerə çatacaq ki, ermənilər özləri konstitusiyaya düzəliş edəcək, saxta və qondarma iddialarından əl çəkəcək, torpaqlarımızla bağlı fikirləri beyinlərindən silməyə çalışacaqlar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli