AK partiyanın iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, siyasətdə və bürokratiyada onun adından istifadə edərək, iş qurmağa çalışanlara sərt xəbərdarlıq edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı bəzilərinin onun adından istifadə etdiyini və bu vəziyyətin onu çox narahat etdiyini bildirib:
“Bürokratiya başda olmaqla, bir çox sahədə öz işinin öhdəsindən gələ bilməyən, tənbəllik edən, məsuliyyətsiz şəxslər tez bu ifadələri dilə gətirərək, təqsirlərini boyunlarından atmağa çalışırlar:
“Prezident belə istəyir; bəy əfəndi belə istəyir; aparat belə istəyir.” Görürəm ki, sadə bir bürokratik prosesdən, maliyyə məsələlərindən tutmuş, ömrümdə görmədiyim, tanımadığım insanların təltifinə qədər hər yerdə adımdan istifadə olunur. Mənim vasitəçiyə ehtiyacım yoxdur. Əgər kiməsə söz demək istəyirəmsə, fikrimi açıq şəkildə birbaşa özüm çatdırıram. Heç bir nazirlikdə, qurumda, təşkilatda adımdan istifadə edərək, qanundankənar iş görülməsinə göz yuma bilmərəm. Bu, hətta mənim yaxınım da olsa da belə… Mən bir nazirə və ya bürokrata zəng edib, göstəriş vermədən atamın oğlu da olsa, qapıdan qovun!”
Ərdoğan həmçinin, cümə günü Donald Trampla telefon danışığından da söz açıb:
“Uzun müddətdir ki, ilk dəfə ABŞ-Türkiyə münasibətlərində ortaq bir mövqe tutduq. Danışıq zamanı PYD-dən FETÖ-yə, ölkəmizin əleyhinə davam edən məhkəmə işlərindən müdafiə sənayesindəki əməkdaşlığa qədər bir çox məsələlərə toxunduq. İnşallah, yaxın günlərdə yenidən danışacağıq. Donald Tramp zəng etməsə, mən özüm zəng edəcəyəm.”