Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ərdoğan Azərbaycanda niyə uduzdu? – Analiz

Türkiyənin 12-ci Prezidentinin məğlub olduğu ölkələrin ortaq nöqtəsi nədir?

Türkiyədə seçkilər bitdi və xalq ilk dəfə öz prezidentini seçmə şansını dəyərləndirdi. 12-ci Cümhurbaşqanı seçilən Rəcəb Tayyib Ərdoğan 51.80 faiz səslə ikinci tura qalmadan seçkilərdən zəfərlə çıxdı. Ən yaxın rəqibi Əkmələddin İhsanoğlu Türk tarixinin ən böyük müxalif ittifaqının namizədi olmasına baxmayaraq, potensial 55 faizlik (30 mart seçkiləri nəzərə alınaraq) Ərdoğan əleyhdarlarının sadəcə 38.44 faizinin səsini alaraq, ikinci oldu.

1 Ərdoğan 21 milyon səs alaraq, son seçkilərdə partiyasının aldığı 20 milyon səsdən də bir milyon çox insanın dəstəyini  qazandığını ortaya qoydu.

Lakin Ərdoğan Türkiyədə qəti qələbə qazandığı halda, dünyanın müxtəlif ölkələrində yaşayan türklərin arasında eyni zəfəri qazandığı söyləniləməz. Belə ki, Ərdoğan xaricdəki Türkiyə vətəndaşları arasında 62.83 faiz səs alsa da, ümumi dünya xəritəsinə baxdığımız zaman Avropa xaric, əksər böyük dövlətlərdə İhsanoğluna uduzdu. Məsələn, ABŞ-da yaşayan Türkiyə vətəndaşlarından yüzdə 77.88-İ ihsanoğluna səs verdi. Və ya Güney Afrika İhsanoğluna 66,06 faiz səs verərkən, Ərdoğanın səsi 33.33 faiz oldu.

3Rusiyada seçimlər 64.31:28.62 olaraq İhsanoğlunun Ərdoğan üzərində qələbəsi ilə yekunlaşarkən, Qazaxıstanda bu fərq 56.70 (İhsanoğlu) – 36.50 (Ərdoğan) oldu.

Orta Asiyada Ərdoğanın qazandığı sadəcə iki ölkə var: Özbəkistan və Qırğızıstan.

4O cümlədən, Azərbaycanda Ərdoğanın qazandığı səs faizi 39.06 olarkən, İhsanoğlu ölkəmizdəki Türkiyəli vətəndaşların 53.06 faizinin səsini aldı.

7Ərdoğanın qazandığı ölkələr arasında Almaniya, Danimarka, Hollandiya, Belçika, İtaliya, Səudiyyə Ərəbistanı, İordaniya, Fransanın adlarını sadalamaq olar.

O zaman bu sual meydana çıxır. Ərdoğan xaricdə toplamda göstərdiyi başırını ayrı-ayrı ölkələrdə niyə sərgiləyə bilmədi?

İstər İsraillə söz müharibəsi, istərsə də digər önə çıxan xüsusiyyətləri xaricdəki türkləri niyə cəzb etmədi?

Xaricdə türkləri təmsil edənlərin az bir qismi diplomatik xidmətdədir. Xaricdəki türkiyəlilər əsasən iki kateqoriyaya bölünürlər:

–          İş adamları.

–          Tələbələr.

10Yay tətili olduğu üçün tələbələrin əksəriyyəti vətənlərində idi. Yəni, namizədlərə xaricdəki tələbələrin çox az qismindən səs gəldi. Türkiyə xaricində seçkilərə möhürünü vuran iş adamları oldu. O cümlədən Azərbaycanda.

Elə Ərdoğanın bir çox ölkədə İhsanoğluna ağır məğlubiyyətinin şifrəsi də iş adamlarında gizlidir.

Belə ki, indiki baş nazirin məğlub olduğu ölkələrə diqqət yetirək.

ABŞ, Qazaxıstan, Rusiya, Kanada… Və Azərbaycan.

Bütün bu ölkələrin ortaq nöqtəsi hər birində Ərdoğanın hazırki ən güclü müxalifəti olan Fətullah Gülən Camaatının güclü olmasıdır. Nə üçün Özbəkistanda Ərdoğan qalib gəldi? Çünki bu ölkədə Gülən camaatı Ərdoğan hakimiyyətə gəlmədən qovulmuşdu. Qazaxıstan isə Camaatın Orta Asiyada əsas bazası sayılmaqdadır. Bu səbəbdən də Qazaxıstanda Ərdoğanın yenilməsi normaldır.

Almaniya, Belçika, Hollandiya, Skandinav ölkələri Ərdoğanı seçdi. Çünki Almaniyaya və Qərbi Avropaya Ərbəkançı Milli Görüş hakimdir. Oradakı əksər iş adamları Milli Görüş kimliyinə sahibdirlər. Onlar da Ərdoğanı sevsələr də, sevməsələr də, “Göydən vəhy gəlsə, Ərbakana səs vermərəm” deyən Gülənin beş dəfə “əkməl” deyərək, namizədliyini  dəstəklədiyi birinə səs verməzlər.

Azərbaycana gəlincə, bu seçimlər bir daha göstərdi ki, məktəblər bağlansa da, burada Gülən təhlükəsi iş adamları səviyyəsində davam edir. Əllərində kifayət qədər imkan olan bu iş adamları müxtəlif təşkilatlarda öz birliklərini davam etdirir və yeri gələndə öz mövqelərini də ortaya qoyurlar. Bu gün ən az üç Türk İş Adamları dərnəyi adı altında mövcudiyyətini davam etdirən Camaat İş Adamları Azərbaycanın sahibkarlıq qurumlarına da nüfuz ediblər. Üç müxtəlif adla Azərbaycanda milyonlarla dolları idarə edən bu iş adamları elektirik, inşaat, mebel və digər sektorlarda hegemondurlar. Onların burada güclənmələrində zamanında mühüm rol oynayan Ərdoğan ilk dəfə bu şəxslərdən “yox” cavabı aldı. Bu səbəbdən də, Ərdoğanın Azərbaycanda İhsanoğluna uduzmasında MHP-nin və ya CHP-nin Azərbaycanda güclü olması, ya da İhsanoğlunun tanınması ilə bağlı deyil. Düzdür, Azərbaycanda ülkücü kəsim az sayda da olsa, öz dar imkanları ilə mövcudiyyətlərini qoruyurlar. Lakin 53.86 faizin ən yaxşı halda 17.08 faizi ülkücülərin səsi ola bilər, geri qalan səslər Ərdoğanın Paralel Terror Örgütü adlandırdığı Camaata aiddir.

Eyni şəkildə Afrikada, Asiyada, Amerikada Ərdoğan əslində Camaat dirənişi ilə üzləşdi və seçimləri itirdi. Bir sözlə, Gülənin xaricdəki dayaqları Türkiyədəki şəbəkəsindən daha vəfalı çıxdı. Bu səbəbdən də, Gülənin 11 avqustda “özünü 1 milyona satan dönəklər”lə bağlı çıxışı Türkiyədəki şəbəkəsinə yönəlib. Çünki faktiki olaraq, Gülənin İhsanoğluna dəstək verməsi sandıqda özünü göstərmədi. Xaricdəkilər istisna olmaqla…

Bu da bir daha deməyə əsas verir ki, Gülən camaatı Türkiyədə qan itirməkdə davam etsə də, ölkə xaricində, o cümlədən Azərbaycanda öz mövcudiyyətlərini davam etdirməkdədirlər.

 Aqil ƏLƏSGƏR

 

www.yenicag.az

291