Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turu çərçivəsində son dayanacağı olan Tunisdə dünyada baş verən proseslər barədə danışıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin həmişə Tunisin “qaragün dostu” olacağını söyləyib. BMT-nin tarixi Qüds qərarı ilə əlaqədar danışan Türkiyə prezidenti bildirib:
“Qüdslə bağlı A, B və C alternativ planlarımız da var idi. B planı BMT-nin Baş Məclisi idi. Burada məqsədimizə nail olduq. Dollar təhdidlərinə baş əyməyəcəyimizi göstərdik. Bundan sonra Fələstinin tanınması üçün addımlar atacağıq”.
Ərdoğan 6 ildən bəri Suriyada davam edən vətəndaş müharibəsi barədə də fikirlər səsləndirib. O, Əsədlə razılaşmağın qeyri-mümkün olduğunu qeyd edib:
“Vətəndaşını öldürən bir prezidentlə necə gələcək fikirləşmək olar? Suriya xalqı belə bir insanı başı üstündə görmək istəyirmi? Belə bir şeylə razılaşsaq, öldürülən bir milyon suriyalıya haqsızlıq etmiş olarıq. Əsəd bir terrorçudur”.