Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Holokost soyqırımının qurbanlarını anıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası tərəfindən ölkənin Xarici İşlər Nazirliyi ilə birgə yaradılan Weremember.gov.tr saytında video yerləşdirilib.
“Milyonlarla insanın həyatını itirdiyi Holokost, Bosniya, Ruanda və Kamboca soyqırımlarından çox əvvəl sistematik ayrıseçkilik, marginalizasiya və nifrət dolu ifadələrin artması bu qırğınların olacağına işarət edib. Bu soyqırımların hər biri beynəlxalq cəmiyyətin məsuliyyət daşıdığına canlı nümunədir”, – deyə Ərdoğan bildirib.
Türkiyə başçısı qeyd edib ki, bu, həm də Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə Soyqırımların Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsasən müqavilə öhdəliyidir.
“Holokost, Bosniya, Ruanda, Kamboca kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq birlik hərəkətə keçməlidir. Xüsusilə, media orqanlarının və rəqəmsal platformaların da təsiri ilə artan İslam düşmənçiliyi və ksenofobiyaya artıq “dayan” deyilməlidir.
Soyqırım qurbanlarının xatirələrini hörmətlə yad edir, hər cür ayrı-seçkiliyin sona çatacağı və insanlığa qarşı cinayətlərin yaşanmayacağı bir gələcək diləyirəm”, – deyə Ərdoğan qeyd edib.