Ərdoğan İlham Əliyevi Qüdslə bağlı toplantıya dəvət etdi

Dekabrın 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Eyni zamanda dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.

Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.

COP29