Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunu İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ərdoğan öz “Twitter” səhifəsində yazıb.
Türkiyə Prezidenti bildirib: “Arzu edirəm, İstanbul Böyükşəhər Bələdiyyəsinin seçkilərinin nəticələri xalqımız üçün faydalı olacaq. Bu gün xalqın iradəsi yenidən özünü göstərib. Qeyri-rəsmi nəticələrə görə seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm”.
Səslərin təxminən 96 faizinin hesablanmasından sonra Əkrəm İmamoğlu 53,72 faiz, Binəli Yıldırım isə 45,37 faiz səs toplayıb.
Qeyd edək ki, bu gün İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilib.
Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.
Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib./Trend/