Ərdoğan: “Qərb dünyanı münaqişə, yoxsulluq və xaos uçurumuna sürükləyir”

ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini tənqid edərək, bir sıra ölkələrin öz təhlükəsizliyi naminə dünyanın qalan hissəsini od-alova və ixtilaf uçurumuna sürüklədiklərini bildirib.

Yenicag.az xəbər verir ki, Türkiyə lideri Ankarada “Sebillürreşad” Mədəniyyət və İncəsənət Mərkəzinin açılışında çıxış edərkən deyib: “Qərb ölkələri müstəmləkəçilik, kütləvi ölümlər, oğurluq və ədalətsizlik siyasətini əsaslandırmaq işində çox bacarıqlıdırlar”.

Onun sözlərinə görə, Qərb dünyada siyasi, iqtisadi, hərbi və texnoloji dominantlığın əsasını formalaşdırmaq məqsədilə başqa ölkələrin dünyagörüşünün dəyişilməsinə nail olub. “Qərbin məqsədi aydındır: öz təhlükəsizliyini və rifahını təmin etmək. Məhz buna görə, dünyanın qalan hissəsi münaqişə, yoxsulluq və xaos uçurumuna sürüklənir”, – deyə Ərdoğan qeyd edib.

Türkiyənin dövlət başçısı əlavə edib ki, Qərbdən gələn mənfi tendensiyalara müqavimət göstərməyin yeganə yolu öz mədəniyyətinə və dəyərlərinə sadiq qalmaqdır. “Yalnız bu yolla bizə qurulmuş tələlərin öhdəsindən gələ bilərik” – Türkiyə Prezidenti vurğulayıb./Azertag/

COP29