Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı razılaşmanı şərh edib.
Yenicag.az xəbər verir ki, bu barədə o, İtaliyanın “La Stampa” nəşrinə müsahibəsində danışıb.
Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi Ankaraya həm qiymət və ZRK-nın tədarük müddətləri, həm də birgə istehsalın başlanılması və texnologiyaların ötürülməsi ilə bağlı razılıq verib.
“Suriya ərazisindən hücumlar, xüsusilə də hava hücumundan müdafiə sahəsində Türkiyənin müdafiə potensialının sisteminin möhkəmləndirilməsi və müasirləşdirilməsini zəruri edib. Biz bir sıra dövlətlərlə danışıqlar apardıq və qiymətlərlə yanaşı, texnologiya köçürülməsi məsələsini müzakirə etdik. Rusiya gözləntilərimizə cavab verdi”, – deyə, Ərdoğan bildirib.
Eyni zamanda prezident qeyd edib ki, S-400 üzrə hər hansı müqaviləni NATO ilə əlaqələndirmək yersizdir. Ərdoğan xatırladıb ki, bugünkü gündə digər NATO üzvü olan Yunanıstanın silahlanmasında S-300 var.
Daha sonra Ərdoğan yerli raket əleyhinə müdafiə sistemlərini inkişaf etdirmək üçün hakimiyyət orqanlarının atdığı addımları da diqqətə çəkdi.
“S-400 komplekslərinin alınması ilə yanaşı Ankara raket əleyhinə müdafiə sistmelərinin istehsalına da diqqət ayırır. ASELSAN və ROKETSAN türk şirkətlərinin Avropanın EUROSAM müdafiə konserni ilə bir müddət əvvəl imzalanmış müqaviləsi qeyd olunan məsələdən irəli gəlir”, – deyə, Ərdoğan xatırladıb.
Ərdoğan vurğulayıb ki, Türkiyə gələcəkdə hava hücumundan müdafiə komplekslərinin milli istehsalını təşkil etməyi planlaşdırır.