Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün təhlükə yaradan İraqdakı PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (TSK) başlatdığı mübarizə hərəkatı mərkəzi ilə əlaqə saxlayaraq hərbçilərə müraciət edib.
Yenicag.az xəbər verir ki, Türkiyə Prezidenti İraqın şimalında “Pəncə Şimşək” və “Pəncə İldırım” hərəkatlarına başlandığını bildirib.
Ərdoğan deyib ki, Türkiyənin məqsədi qonşu İraqın ərazi bütövlüyünü nəzərə almaqla ölkəsinin cənub sərhədlərindəki terrorçuları tamamilə yox etmək və təhlükəni aradan qaldırmaqdır: “Türkiyənin, İraqın, Suriyanın gələcəyində separatçı terror təşkilatlarına yer yoxdur. Regionumuza qan, göz yaşı və dağıntıdan başqa bir şey gətirməyən bu qatilləri ortadan qaldırana qədər mübarizəmizi davam etdirəcəyik”, – deyə Ərdoğan əməliyyatlarda maksimum şəkildə Türkiyənin yerli və milli müdafiə sənaye məhsullarından istifadə edildiyini vurğulayıb.
Türkiyə Prezidenti deyib ki, dünəndən başlanan “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatlarında sığınacaq və mağaralar atəşə tutulub və şox sayda terrorçu zərərsizləşdirilib: “Terroru məhv etmək və vətəndaşlarımızı terror bəlasından tam azad etmək qərarındayıq. Qəhrəman ordumuz və bu tarixi mübarizəni həyata keçirən ordumuzun bütün üzvləri ilə fəxr edirik”, – deyə Türkiyə Prezidenti əməliyyatda iştirak edən hərbçilərlə qürur duyduğunu deyib.
Qeyd edək ki, Türkiyə İraqdakı PKK terror təşkilatına qarşı havadan və qurudan geniş miqyaslı əməliyyatlara başlayıb./APA/