Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətindədir.
Yeniçağ.Az APA-ya istinadən məlumat verir ki, R. T. Ərdoğan bunu bu gün Tanzaniya, Mozambik və Madaqaskara səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyə Yaxın Şərqində dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edir və regionun xəritəsini dəyişmək yönündə səyləri dəstəkləmir: “Sözsüz ki, mən Donald Trampla görüşdə bu məsələni müzakirə etmək istəyirəm. Türkiyəni Yaxın Şərqdəki vəziyyət, o cümlədən Tramp administrasiyasının regionla bağlı mövqeyi maraqlandırır. Bu gün region alov içərisindədir. Trampın Yaxın Şərqlə bağlı mövqeyi necə olacaq? Hazırda bəzi Yaxın Şərqlə bağlı bəzi fikirləri bizə çatır, doğrusu, bu fikirlər narahatlıq doğurur. Bütün bu məsələlər müzakirə edilməlidir. Türkiyə Yaxın Şərqin ən güclü ölkəsidir, regiondakı proseslərin dinamikasına təsir göstərir. Əgər regionla əlaqəsi olmayan hər hansı ölkə regionun xüsusiyyətlərini, ədaləti nəzərə almayaraq qərar qəbul edirsə, bunun ümumilikdə dünya üçün neqativ təsirləri olacaq”.
Yeniçağ.Az