Ərdoğan: “Türkiyə, Azərbaycan və Rusiya olaraq bölgədə sülhün təminatçısı olacağıq”

“Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Təəssüflər olsun ki, 10 noyabrda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata baxmayaraq, ATƏT Minsk qrupunun həmsədri olan bəzi ölkələr bu razılaşmadan narahat olublar. Onların narahatlığının heç bir əhəmiyyəti yoxdur. Türkiyə, Azərbaycan və Rusiya bölgədə sülhün və sabitliyin olması üçün çox ciddi addımlar atıb və bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və Kəlbəcər dünən tamamilə boşaldılıb. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb”, – deyə dövlət başçısı bildirib.

R.T.Ərdoğan qeyd edib ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağada sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparıb.