“Ərdoğan Ukraynaya Zelenskini sülhə məcbur etmək üçün getməmişdi” – ŞƏRH

“Türkiyə Prezidenti ilə BMT Baş katibinin Ukraynaya səfəri, əslində, Zelenskinin qələbəsi, Putininsə məğlubiyyətidir”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Ukraynaya səfərinin Rusiya Prezidenti Vladimir Putinin istəyi ilə bağlı olmasına dair iddialara münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidentinin müharibəni dayandırmaq cəhdlərini yalnız alqışlamaq lazımdır:

“Nəzərə almaq lazımdır ki, Türkiyə Prezidenti Ərdoğan bütün dünyanın pislədiyi bir müharibəyə son qoyulması üçün ardıcıl cəhdlər göstərir və onun bu fəaliyyəti təqdir olunmalıdır.

Digər tərəfdən, istər Ərdoğan, istərsə də Quterreş hansı yolla Zelenskini müharibəni başa çatdırmağa məcbur etməyə çalışsınlar ki? Türkiyə Prezidenti ilə BMT Baş katibinin Ukraynaya səfəri, əslində, Zelenskinin qələbəsi, Putininsə məğlubiyyətidir.

Çünki Zelenski bununla düşmən hesab olunan qarşı tərəfin – Putinin əhvalını və istəyini öyrənir, buna öz cavabını verir. O görüşdə başqa nə ola bilər ki? Yəni Ərdoğan Ukraynaya Zelenskini sülhə məcbur etmək üçün getməmişdi.

Bundan başqa, bilirsiniz ki, davam edən müharibədə G7 ölkələri, NATO, Avropa İttifaqı birmənalı Ukraynanın yanındadırlar və ona hərtərəfli yardım göstərirlər. Həmin ölkələrdən isə yalnız Ərdoğanın Putinlə təmas imkanı mövcuddur. Ona görə də Ərdoğanın davamlı olaraq belə bir vasitəçilik həyata keçirməsi normaldır.

Eyni zamanda, Zelenski də xalqın iradəsini bütün dünyaya çatdırmaq üçün yeni fürsət əldə etdi. O bir daha bəyan etdi ki, bu il 23 fevrala qədər olan vəziyyət bərpa edilməli, Rusiya qoşunları ölkədən çıxarılmalıdır. Daha sonra isə Krım və Donbasla bağlı siyasi müzakirələr başlaya bilər”.

A.Zeynalov

COP29