Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan və Baş Qərargahdan “Hürriyet”ə böyük təpki: “Tərbiyəsizlik, səviyyəsizlik...”

Türkiyənin nüfuzlu “Hürriyet” qəzetində dərc edilmiş ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə bağlı “Qərargahda narahatlıq” yazısı geniş etirazlara səbəb olub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Hürriyet”in manşetə çıxartdığı “Qərargahda narahatlıq” yazısına müxtəlif səviyyələrdə kəskin münasibət bildirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Pakistan səfərindən əvvəl Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən bu mövzuya da toxunub. Ərdoğan “Hürriyet”də sözgedən yazını “Tərbiyəsizlik, səviyyəsizlik” kimi qiymətləndirib:

“Baş Qərargahın rəisi ilə dünən Bəylərbəyi Sarayındakı görüşümüzdə ilk növbədə Əl-Bab əməliyyatının tamamlanmasına yönələn müzakirələr aparıldı. Türkiyə-ABŞ-Rusiya arasındakı müzakirələrdə hansı nəticələrin əldə olunduğunu dəyərləndirə bildik. Bir başqa məsələ da həmin qəzetdə ön səhifəyə çıxarılan başlıq oldu. Bu hal bizim kimi Türkiyə Silahlı Qüvvələrini də narahat edib və bu da təbiidir. Biz bir bədənin üzvləri kimiyik. Bunu etmək tərbiyəsizlik, səviyyəsizlikdir. Dövlətdə qarışıqlıq salmağa heç kəsin haqqı-ixtiyarı çatmır. Bunlar köhnə vərdişləridir. Hər kəs yerini və etdiyini biləcək. Bunun əvəzini ağır ödəyəcəklər. Məsələ ilə bağlı artıq hüquqi prosedurlara başlanılıb. Məsələni diqqətdə saxlayacağıq”.

Bir qədər sonra isə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı “Hürriyet”in sözügedən yazısı ilə əlaqədar xüsusi açıqlama yayaraq, orduya qarşı aparılan kampaniyaya sərt etirazını bildirib:

“Son zamanlarda davamlı olaraq, Baş Qərargah rəisinin şəxsiyyəti üzərindən yayılan əsassız və məqsədli tənqidlərlə Türkiyə Silahlı Qüvvələrini aşındırmağa, ölkəmizin və millətimizin təhlükəsizliyi üçün aparılan mübarizəni ləkələməyə cəhd göstərildiyini təəssüflə müşahidə edirik.

Türkiyə Silahlı Qüvvələrinə və Baş Qərargah rəisinin şəxsiyyətinə yönələn tənqid adı altında iftiraya varan iddialarla bağlı bir jurnalistə məlumat verilmiş və bu təfsilatlar 2017-ci il fevralın 25-də dərc olunub.
Aparılmış təhlilin məzmunu diqqət və həssaslıqla tərtib edilib, “Qərargah narahatdır, Türkiyə Silahlı Qüvvələri narahatdır” kimi ibarəli ifadələrdən istifadə olunmayıb. Verilən suallara rezüme olaraq, “Türkiyə Silahlı Qüvvələrinin daxili siyasətdə alət halına gətirilməməsi, şəxsi məsələlərdən uzaq tutulmasının vacibliyi” ifadə edilib. Terrora qarşı qətiyyət və əzmlə mübarizə aparıldığı, “Fərat qalxanı” əməliyyatının uğurla tamamlandığı bir dönəmdə bu cür iddia və iddialarla gündəmi çirkləndirmək cəhdlərini təəssüflə qarşılayırıq. Bu açıqlamanı Türkiyə Silahlı Qüvvələri ilə dövlət və hökumət arasında guya problem olduğu kimi göstərmək vəziyyəti təhrif etməkdir. Cavabı verilən tənqidlərin həmsöhbətləri məlumdur.

Türkiyə Silahlı Qüvvələri dövlətinin və millətinin əmrində olaraq, hər zamankı kimi sarsılmaz inam, qəhrəmanlıq və fədakarlıqla, şəhid qanları ilə suvarılmış Vətən torpaqlarının təhlükəsizliyini təmin etmək amalı ilə fəaliyyətini qətiyyət və əzmlə davam etdirəcək”.

Yeniçağ.Az

www.yenicag.az

444