“Ərdoğan ya amerikalılarla razılaşmalı, ya da va-bank getməlidir” – Rusiyalı hərbi ekspert

ABŞ rəhbərliyi öz hərbi kontingentini Türkiyənin “Zeytun budağı” əməliyyatından həmən sonra YPG/PYD terrorçularına qarşı yeni əməliyyat keçirtməyə hazırlaşdığı Suriyanın Mənbic şəhərindən çıxartmaqdan imtina edib.

Hazırda dünyanın siyasi dairələrində və ekspertlər arasında əsas müzakirə mövzusu Ankaranın Vaşinqtonun bu qərarına necə reaksiya verəcəyidir.
Rusiyalı hərbi ekspert Vladimir Markovçin Yenicag.ru-ya müsahibəsində bu və digər məsələlərə toxunub.

– ABŞ öz qoşunlarını Mənbicdən çıxartmaqdan imtina etdi. Türkiyə buna necə qarşılıq verəcək?

– Ankaranın məntiqini anlamaq üçün yaxın keçmişdə baş vermiş bəzi hadisələrə yenidən nəzər salaq. Hər bir ekspertə məlumdur ki, həmin regionda gərginliyin əsas səbəbkarı heç kim yox, məhz ABŞ və artıq darmadağın ərəfəsində olan terrorçulardır. Amerika özünün NATO üzrə müttəfiqlərini yeni “tamaşa” ilə sevindirmək üçün Suriya-Türkiyə sərhədində təhlükəsizlik zonası yaratmaq qərarına gəldi. Bununla Türkiyəyə başa salmaq istədilər ki, onun əsas problemi Amerikanın himayəsində olan kürd silahlı birləşmələridir. Ankara ilə İstanbulda baş verən, onlarla insanın ölümü ilə nəticələnən partlayışlar da o qruplaşmaların “xidmət”idir. Yəni eyham vuruldu ki, yaxın vaxtlarda həmin qruplaşmalarla bağlı müəyyənlik yaranmayacaq.

Bu vəziyyətdə Ərdoğan nə etməlidir? Doğrudur, o, müntəzəm təhdid mənbəyini məhv etmək üçün kürdlərin nəzarətində olan həmin ərazilərə qoşun yeritməlidir.

Amerikanın bu “tamaşa”ya başlamasında ikinci əsas məqsədi isə Suriya üzrə nizamlama prosesini, o cümlədən, hazırda Soçidə keçirilən Suriya Milli Dialoqunu pozmaqdır. Biz açıq görürük ki, ABŞ və onun himayəsindəki qüvvələr dediyim nizamlama prosesindən nə qədər uzaqlaşıblar. Lakin münaqişənin digər tərəfləri bu prosesdə fəal iştirak edirlər.

Həmçinin onu da başa düşmək lazımdır ki, Suriyada kürdlərin yığcam yaşadıqları ərazilərin sakinləri evlərinin türk əsgərləri tərəfindən bombalanmasına baxmayaraq, ABŞ-ın bu hadisələrdəki rolunu başa düşürlər. Ona görə də oradakı kürdlər bölgədə nizamın bərpa olunması üçün Türkiyə ordusuna hərtərəfli yardım göstərməyə hazırdırlar.

Yaranmış şəraitdə Ərdoğanın seçim imkanları çox da geniş deyil: Amerikanın tələbini növbəti dəfə yerinə yetirmək, yoxsa heç nəyə baxmadan va-bank gedərək, başlanan işi yekunlaşdırmaq. Məlum olduğu kimi Şərq – incə məsələdir və orada dünənki dostun bu gün ən qəddar düşməndən də betər olduğunu hamı bilir. Hər halda, son qərarı rəhbərlik etdiyi ölkənin 70 milyonluq dəstəyinə malik olan Ərdoğan verəcək.

– Türkiyə ordusunun indiki döyüş qabiliyyətini necə qiymətləndirirsiz?

– Keyfiyyətli texniki təchizata malik motoatıcı və tank birləşmələrinin yüksək çevikliyi, yaxşı hazırlıq keçmiş hava qüvvələrinin olması, xüsusi təyinatlı qoşunların yüksək peşəkarlığı və digər cəhətlər ən müasir silah-texnika ilə təchiz edilmiş Türkiyə Silahlı Qüvvələrinin kifayət qədər döyüş qabiliyyətli olduğunu təsdiqləyir.

Bu dediklərimiz İraqın şimalında və əlbəttə ki, Suriyada keçirilən əməliyyatlarla öz təsdiqini tapır. Rusiyadan S-400 raket komplekslərinin alınması isə Türkiyə ordusunu daha da gücləndirib.

– Bəzi ekspertlər bu fikirdədirlər ki, Rusiya ilə əməkdaşlıq Suriya proseslərində Türkiyəyə əlavə üstünlüklər verir. Bu barədə nə deyə bilərsiz?

– İndiki şəraitdə Türkiyənin və Rusiyanın ümumi düşməni var: qlobal terrorizm. Onilliklər boyu xalqları gah “Əl-Qaidə”, gah “Taliban”, gah İŞİD, gah da Somalinin dəniz quldurları ilə qorxudublar. Planet üçün bu “qorxu istehsalı”nı dayandırmaq üçün birgə səylər göstərilməlidir. Çox vacibdir ki, bu məsələdə birgə hərəkət edən tərəflər sona qədər məsuliyyətlə davransınlar. Əfqanıstanda son günlərdə baş verən qanlı hadisələr bu məqamları bizə bir daha xatırlatmalıdır. Əfqanıstanla qonşu ölkələrin heç biri bu “Dünyəvi şər”dən sığortalanmayıb.

Suriyadakı nizamlama prosesinin gedişatı da göstərir ki, görülmüş işlərə qane olmağa əsas yoxdur. Çünki orada kürdlər, İŞİD-ın qaça bilməyən terrorçuları və xarabalıq qalıb. BMT-nin Suriyadakı nizamlama prosesində iştirakı alqışlanmalıdır, lakin unutmayaq ki, real işlər “çənə diplomatiyası”ndan daha yaxşıdır.

Çıxış yolu nədədir? Fikrimcə, bu prosesə Yaxn Şərqin gerçəkliklərini incəliyinə qədər bilən və böhranın aradan qaldırılmasını ürəkdən istəyən şəxs rəhbərlik etməlidir. Əvvəl-axır, pis sülhün yaxşı savaşdan daha məqbul olduğunu hamı dərk etməlidir.

Qafqaz Ömərov