Ərdoğandan ABŞ-a xəbərdarlıq: “Qırıcılar Türkiyəyə təhvil verilməsə…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, o, dünyanın tək bir ölkədən ibarət olmadığını bildirib:

“Biz ABŞ-la imzalanan müqaviləyə əsasən 900 milyon dollar ödəmişik. “F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsi lazımdır. Əgər ABŞ qırıcıları Türkiyəyə təhvil verməsə, başqa ölkədən alacağıq. Yaxud qırıcıları özümüz istehsal edə bilərik”.

Ərdoğan açıqlamasında terrorla mübarizədən də söz açıb: “Bütün terror təşkilatları ölkəmizi soyub talasın, işğal etsin, lakin biz əlimiz-qolumuz bağlı şəkildə oturaqmı?! Hər kəsə terrorla mübarizə aparmağa imkan verilir, ancaq məsələ Türkiyəyə gələndə birdən-birə işin mahiyyəti dəyişir. Biz Suriyadan həyata keçirilən hücumlar qarşısında təkbaşına buraxılmış ölkəyik. Hava hücumundan müdafiə sistemləri bizə verilmədi. Hətta Türkiyəyə satmadıqları silahları təmənnasız şəkildə terror qruplaşmalarına verdilər. Biz alternativ axtaranda isə dərhal qarşımızı kəsib deyirlər ki, bunu edə bilməzsiniz. Bizim belə yanaşmaları qəbul etməyimiz mümkün deyil. Türkiyənin Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bununla bağlı müqavilə bağlamışıq və qısa zamanda onları alacağıq. Türkiyənin layihə ortağı olduğu “F-35”lərə də, eləcə də özümüzün istehsal etdiyimiz təyyarələrə də ehtiyacı var. Bunu bizə verərlər-verməzlər bilmirəm. Amma “F-35”lərin Türkiyəyə veriləcəyi təqdirdə, anlaşmaya əməl etdiklərini təsdiqləmiş olarlar”.