Ərdoğandan Hindistana sərt reaksiya: “İnək əti yeməyə görə edam olunmaq nə deməkdir?” – VİDEO

İrqçiliyə qarşı mübarizəyə həsr olunmuş tədbirdə çıxış edən Ərdoğan Hindistanda inək əti yedikləri üçün ölümə məhkum edilən gənclər haqqında danışıb.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda baş tutan həmin tədbirdə bir sıra məsələlərə toxunub.

Ərdoğan açıqlamasında hicab taxan müsəlman qadınların təhqir və aqressiv münasibətə məruz qaldıqlarını bildirib:

“İrqi ayrı-seçkilikdə, müqəddəs dəyərlərdə ən çox təhqirə məruz qalan, təəssüf ki, müsəlmanlardır. Bu problemə qarşı gözlərimizi yuma bilmərik. Müsəlmanların iş yerləri, evləri və ya ibadət yerləri dərhal irqçilərin və faşist qrupların hədəfində olur.
Müsəlman qadınlar məhz hicab taxdıqlarına görə təhqirlərə məruz qalırlar”.

Türkiyə lideri daha sonra inək əti yedikləri üçün Hindistanda ölüm cəzasına məhkum edilən müsəlman gənclərdən danışıb:

“Son zamanlar Hindistandakı Kəşmir hadisələrində sadəcə, inək əti yedikləri üçün qamçılanan, ölümə məhkum edilən ordakı müsəlman qardaşlarımızın haqlarını necə müdafiə edəcəyik? Onları “Sən inək ətini necə yeyə bilərsən?”, deyə ittiham edirlər. Belə də cəfəngiyat olar?

Hər halda, hər kəsin vegeterian olması imkan xaricindədir. Mənim inancımda belə deyil. Mən sənin inancına hörmət edirəmsə, sən niyə mənə hörmət etmirsən? Bizim ölkəmizdə donuz əti yeyənlər var. Biz onların işinə qarışmırıq, onun inancı imkan verirsə, deməli, yeyə bilər”.

Firuzə Alimova