Ərdoğandan Qaşıqçı cinayəti ilə bağlı şok açıqlamalar – VİDEO/YENİLƏNDİ

13:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxış edir.

Yenicag.az xəbər verir ki, prezident jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı mühüm açıqlamalar verir.

R.T.Ərdoğan çıxışında bildirib: “Səudiyyə Ərəbistanı “Camal Qaşıqçının meyitini Türkiyəyə təhvil vermişik” deyir. Onlar meyiti kimə verdiyini açıqlamalıdır”.

Türkiyə prezidenti bildirib ki, Qaşıqçının öldürülməsi ilə bağlı 3 qrup təyin olunub:

“Əməliyyatdan bir gün əvvəl 16:30-da 3 nəfərlik bir qrup otelə yerləşdikdən sonra konsulluğa gedir. Başqa bir qrup isə Belqrad meşəsi (İstanbul) və Yalovada kəşfiyyat aparır.

Ümumilikdə 15 nəfərdən ibarət olan bu qruplar konsulluqda görüşür. Əvvəlcə konsulluğun kameralarının “hard disk”indəki görüntülər çıxarılır. Axşam saat 17:50-də ölkəmizin rəsmi qurumlarına Qaşıqçının zorla saxlanıldığına dair məlumatlar gəlir. Araşdırma və istintaq genişləndikcə 15 səudiyyəli mühafizəçi, həkim-ekspertin müxtəlif təyyarələrlə Türkiyəyə gəldiyi və ölkədən ayrıldığı məlum olur. Ər-Riyad əvvəlcə iddiaları tamamilə rədd etdi. Baş konsul da “Reuters”in müxbirinə verdiyi müsahibəsində özünü müdafiə etməyə çalışdı. Hadisə günü konsulluqda işləyən işçilərin bir hissəsi təftiş bəhanəsi ilə bir otaqda saxlanılıb. Digərləri isə evə buraxılıb.

Hadisələrin gedişatı Camal Qaşıqçının qətlinin planlaşdırılmış şəkildə həyata keçirildiyini deməyə əsas verir. Hadisə İstanbulda baş verdiyindən biz də araşdırma aparmağa məcburuq. Baş konsulluğun məsuliyyətsizliyini Səudiyyə Ərəbistanının kralına söylədim. Onu tutduğu vəzifəsindən azad etdilər. Sui-qəsddən 1 gün sonra krallıq Camal Qaşıqçının konsulluqda öldürüldüyünə etiraz etdi. Kral Salman hadisə ilə bağlı 18 nəfərin tutulduğunu bildirdi. Dəlillər göstərir ki, Qaşıqçı vəhşicəsinə öldürülüb. Cinayət günü nəyə görə 15 nəfər İstanbulda toplaşmışdı? Bu adamlar kimdən əmr alıblar? Cinayət açıq-aşkar ortadaykən niyə onlarla əsassız dəllil irəli sürülüb? Bu işdə məsul şəxs kimdir? Səudiyyə Ərəbistanı bu cinayətin məsuliyyətini daşıyanı açıqlamalıdır. Hadisə İstanbulda baş verdiyindən tutulan 18 nəfər burada mühakimə edilməlidir”.

Ərdoğan çıxışında Qaşıqçının ailəsinə də başsağlığı verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də ABŞ Prezidenti Donald Trampla da Qaçıqçı cinayətini müzakirə etdiyini vurğulayıb.

Qeyd edək ki, Qaşıqçı oktyabr ayının 2-də saat 1-də baş konsulluğa girib. Saat 5-də isə onun nişanlısı Qaşıqçının zorla səfirlikdə saxlanılması ilə bağlı polisə məlumat verib. Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik dəstə üzvlərindən biri saxta saqqal və eynək taxaraq özünü Qaşıqçı kimi göstərərək binadan çıxıb.

Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib.

COP29