!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın ABŞ səfərində qalınlaşan “qırmızı xətlər”: Ziddiyyətlər hara qədər dərinləşəcək?

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak məqsədilə yollandığı Nyu-Yorkda etdiyi çıxışlar və verdiyi açıq mesajlar ABŞ-Türkiyə münasibətlərində yaranmış “düyün”ün daha da bərkidiyini göstərir.

Xüsusilə, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri almasından sonra ikitərəfli münasibətlərdə gərginliyin artdığı və anlaşma imkanlarının getdikcə tükəndiyi açıq müşahidə olunmaqdadır.

Ərdoğanın Nyu-York səfəri çərçivəsində ABŞ rəsmiləri ilə görüşdən sonra verdiyi açıqlamalar da münasibətlərin normallaşmasına yönəlik kiçik ümidlərin üstündən xətt çəkib. Türkiyə prezidenti ABŞ lideri Baydenlə dil tapmağın çox çətin olduğunu gizlətməyib.

Amerikalı həmkarının bu tövrünü dəyişməyəcəyini düşünən Ərdoğan da “CBS News” telekanalında Marqaret Brennana müsahibəsində ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin əsas motivləri barəsində konkret və kifayət qədər sərt, hətta xəbərdaredici fikirlər səsləndirib.

Ərdoğan jurnalistin S-400-lərlə bağlı sualına cavabında Türkiyənin hansı ölkədə və hansı silahı almaq hüququnun özünə məxsus olduğunu diqqətə çatdırıb. O, ölkəsinin bu addımını ABŞ-ın Türkiyəyə “Patriot” raket sistemləri və 1,4 milyard dollar ödənişin edilməsinə baxmayaraq, F-35 təyyarələrini satmaqdan imtinası ilə əlaqələndirib. Türkiyə prezidenti Rusiyadan əlavə S-400 komplekslərinin alınması haqda suala da təsdiqedici cavab verib.

Türkiyə lideri aparıcının “Bayden dünyanın demokratlar və avtoritar arasında bölündüyünü deyərək, Sizi də avtoritar adlandırdı. Bunu necə qiymətləndirirsiniz?” sualına belə cavab verib:

“Onun bu avtoritar ifadəsi ilə nəyi ifadə etdiyini bilmirəm. 40 illik siyasi fəaliyyətim müddətində demokratiyanı həzm edərək yaşayan və demokratiyanı mənimsəyərək bu 40 ili xalqıma xidmətdə keçirən liderəm. Buraya belə gəldim və 20 ildə qatıldığım bütün seçkilərdə qalib gəldim. Hörmətli prezidentin avtoritar ifadəsi ilə nəyi nəzərdə tutduğunu bilmirəm.

Mənimlə bu mövzuda söhbəti olmayıb və görüşəndə mənə hörmətlə yanaşdığını bilirəm. Hələ vitse-prezident olduğu dövrdən mənə hörmətlə yanaşıb. Ona görə də, bu ifadələri nədən işlətdiyini bilmirəm. Çox istərdim ki, hörmətli Bayden bunları mənimlə təkbətək danışsın”.

Ərdoğan jurnalistin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra bölgədə sabiliyin pozulmasına dair sualını da açıq mətnlə cavablandırıb:

“ABŞ-ın orada 20 illik mövcudluğu ilə Əfqanıstanda sabitlik yaranmamışdı ki… Əksinə, bölgədə itkilər daha çox oldu. Brüsseldə Kabil hava limanını qorumaq təklifi aldıqda, Baydendən üç şey istədim: Lojistik dəstək; Maliyyə yardımı; Orada olan silah-sursatın Türkiyə kontingentinə verilməsi. Ancaq elə bir vəziyyət yaranıb ki, Əfqanıstandakı ABŞ silahları, hərbi maşınlar “Taliban”ın əlinə keçib.

Eyni zamanda, Türkiyəni hədəfə alan terror qrupları da ABŞ-dan həm keçmiş, həm də indiki iqtidar zamanında ciddi silah yardımı alıblar. Özəlliklə, PKK/YPG/PYD kimi terror qruplarına bu cür silah yardımı göstərilməməlidir”.

Ərdoğan qeyd olunan müsahibəsində ABŞ Əfqanıstandan çıxdığı kimi, Suriya və İraqı da tərk etməsinin vacibliyini vurğulayıb:

“Çünki əgər dünyada sabitliyi bərqərar etmək istəyiriksə, həmin regionlarda qalmağın əhəmiyyəti yoxdur. Sadəcə, həmin xalqlara özlərinin qərar qəbul etmələri üçün imkan yaratmalıyıq. O baxımdan, məndən olsa, ABŞ Əfqanıstandan çıxdığı kimi, Suriya və İraqı da tərk etməlidir. Türkiyəyə gəldikdə, biz qalmağımızı istəmədikləri yerdə qalmarıq, gəlişimizə sevinmədikləri yerə getmərik”.

A.Zeynalov

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv