Ərdoğanın Bakı səfərində Qarabağ problemi müzakirə olunacaq – Ekspert

“Ərdoğanın Azərbaycana bugünkü səfəri təkcə dostlara deyil, eyni zamanda düşmənlərə də bir mesajdır. Ona görə də həmin səfər diqqət mərkəzində saxlanılır. Təkcə iki qardaş ölkə arasında olan münasibətlər baxımından deyil, Qərb, ümumiyyətlə dünya ictimaiyyəti üçün də son dərəcədə önəmli bir səfərdir”.

Bu sözləri xalq səsverməsilə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da Azərbaycana olan səfər proqramını dəyərləndirərkən siyasi icmalçı Vüqar Zifəroğlu deyib:

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, strateji müttəfiqlik münasibətlərindən irəli gələrək, belə bir gözəl ənənə formalaşıb ki, keçirilən prezident seçkilərindən sonra hər iki qardaş ölkənin prezidentləri ilk xarici səfərlərini bir-birilərinə edirlər. Təkcə bunun özü Bakı ilə Ankara arasındakı münasibətlərin nə dərəcədə dərin və hərtərəfli inkişaf etdiyinin bir göstəricisidir. Eyni zamanda bu, dost və düşmənlərə bir mesajdır. Yəni bu iki qardaş ölkə vahid xətt yürüdür. Söhbət həm Cənubi Qafqazın lider ölkəsindən, həm də regionda son dərəcədə aktiv siyasət yürüdən dövlətindən gedir. Bu mənada həmin səfərə olan diqqət təbii qarşılanmalıdır”.

Həmsöhbətimiz bildirib ki, səfər çərçivəsində bir sıra mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilir:

“Düşünürəm ki, səfər çərçivəsində iki qardaş ölkənin rəhbərləri bir çox məsələləri müzakirə edəcəklər. O cümlədən, Qarabağ problemindən tutmuş, regionda baş verən bir çox məsələlər, Yaxın Şərqdəki son proseslər müzakirə predmeti ola bilər. Azərbaycan tranzit nəqliyyatı baxımından mühüm bir ölkədir. Bu mənada strateji nöqteyi-nəzərdən ölkəmizin əhəmiyyəti çox böyükdür. Hansı ki, bu əhəmiyyət təkcə Avropa ölkələri üçün deyil, eyni zamanda şərq ölkələrinə münasibətdə də özünü göstərir. Bu səbəbdəndir ki, Azərbaycan hər zaman multikultural dəyərlərlə paralel, İslam həmrəyliyi çağırışından da çıxış edir. Ona görə də həmin görüşdə bir çox məsələlərin müzakirə ediləcəyini istisna etmirəm. Açığını deyim, Ankara ilə Bakı arasında münasibətlərdə diqqətdən kənar qalan elə bir sahə yoxdur ki, orada inkişaf templəri özünü göstərməsin. Hərbi sahədən tutmuş, siyasi-diplomatik, iqtisadi münasibətlərin inkişafına qədər bir çox sahələrdə Türkiyə ilə Azərbaycan son dərəcə geniş və hərtərəfli iş birliyinə malikdir. TANAP kimi layihənin həyata keçməsi də məhz Azərbaycanla Türkiyənin qətiyyəti sayəsində mümkün olub. Hesab edirəm ki, bütün strateji sahələrdə Azərbaycanla Türkiyənin nəinki əməkdaşlığı, sıx yaxınlığı var, hətta ortalıqda vahid xəttin olduğunu da müşahidə edirik. Yeni formatlar olacaqsa, şübhə etmirəm ki, həmin istiqamətlərdə də əməkdaşlıq inkişaf etdiriləcək”.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olacaq. Həmişə olduğu kimi, ənənəyə uyğun olaraq prezident seçilən Türkiyə rəhbərləri ilk səfərini məhz Azərbaycana edir. Səfər proqramı çərçivəsində Ərdoğan Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. Daha sonra onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.

Liderlər arasında baş tutacaq yarım saatlıq təkbətək görüşdən sonra isə geniş heyətdə görüş baş tutacaq.

ELÇİN

COP29