Vüqar Zifəroğlu: “Seçim etmək məcburiyyətində qalarıqsa, seçim Türkiyə tərəfə olacaq”
Rusiya Türkiyə ilə münasibətlərinin gərginləşməsi fonunda artıq deyəsən Azərbaycana da hədə-qorxu gəlməyə başlayır. Belə ki, şimal ölkəsinin ТВЦ televiziya kanalında gedən “Səs hüququ” verilişində Ankara Moskva münasibətlərinə toxunan ekspertlər bu ayın sonlarında Türkiyə prezidenti Ərdoğanın Bakıya olacaq səfərindən əndişələndiklərini gizlətməyiblər. Belə ki, Rusiya Türkiyənin Azərbaycanı da Əsədə qarşı olan, yəni əslində elə Moskvanın özü əleyhinə, koalisiyaya qoşa biləcəyindən ehtiyatlanır. Bu xüsusda da sözügedən verilişdə ekspertlərin Azərbaycanı da dolayısı ilə hədələdikləri hiss olunurdu.
Görəsən, Moskvanın Ərdoğanın bu ayın sonlarında Bakıya səfərindən bu qədər narahatlıq keçirməsi nədən qaynaqlanır?
Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, Moskvanın apardığı anti-türk təbliğatı Rusiyanın öz başında çatlayacaq: “Moskvanın bu səfərdən narahat olması ondan qaynaqlanır ki, Azərbaycan Rusiya üçün, ümumiyyətlə Qərb dünyası və Türkiyənin özü üçün də Cənubi Qafqazda yerləşdiyi coğrafi məkanına görə ən strateji partnyor hesab olunur. Bu baxımdan Azərbaycanın tərəflərdən hər hansı birinə tərəf seçim etməsi digərinin istər-istəməz mövqeyini müəyyən qədər zəiflədə bilər. Ona görə də “Səs hüququ” verilişində iştirak edən ekspert xanım demişdi ki, Azərbaycanın Türkiyənin xeyrinə seçim etməsi əlcəklə Rusiyanın üzünə vurmağa bərabər bir haldır. Yəni bu ona görə Rusiyaya meydan oxumağa bənzəyir. Buradan göründüyü kimi, Rusiya Ərdoğanın Bakı səfərinə belə həssas mövqe sərgiləyir. Rusiyanın belə həssas mövqe sərgiləməsi Azərbaycana seçimində konkretliyə getməyə imkan verəcəkmi? O bir həqiqətdir ki, Türkiyə qardaş ölkə olaraq strateji tərəfdaşımızdır. Bu aksioma əlavə izahata ehtiyacı olmayan bir həqiqətdir. Amma bununla belə Rusiya da şimal qonşumuzdur. İstəsək, istəməsək də, müəyyən obyektiv və subyektiv səbəblərə görə bizə strateji əhəmiyyətə malik bir ölkədir. Bu baxımdan maksimum dərəcədə Moskva ilə münasibətlərin normal olmasına çalışmışıq, çalışırıq və bunun belə olmasını arzulayırıq. Amma seçim etmək məcburiyyətində qalarıqsa, görünür bunun zamanı da gec-tez gəlib çatacaq, seçim Türkiyə tərəfə olacaq. Ona görə ki, Türkiyə siyasi, iqtisadi, ümumiyyətlə hər mənada bizim strateji tərəfdaşımızdır. Bunu da Rusiya tərəfi bilir. Ümumiyyətlə, noyabr ayında təyyarə vurulandan bu yana Rusiyanın bütün baş verən proseslərə sərgilədiyi qeyri-sağlam və isterik münasibət Ərdoğanın Azərbaycana olacaq səfərinə də şamil edilir. Ümumiyyətlə, Türkiyə ilə bağlı nə varsa, nə baş verirsə, Rusiya ona son dərəcədə isterik bir münasibət sərgiləyir. Hazırda rus mediası total, kobud və savadsız şəkildə daxili auditoriya üçün anti-türk təbliğatı aparmaqdadır. Bu isə Rusiyanın özü üçün də müsbət nəticələrə gətirib çıxarmayacaq”.
ELÇİN