“Ərdoğanın D-8 formatını genişləndirmək cəhdi…” – Politoloq

D-8 formatının genişləndirilməsi və gücləndirilməsi üçün ciddi imkanların olduğu bildirilir.

İstanbulda dünən baş tutan D-8 Sammitindən sonra keçirtdiyi brifinqdə Yenicag.az-ın sualını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan formatın genişləndirilməsi və rəqabət qabiliyyətinin artırılmasının vacibliyini bildirib:

“Azərbaycan prezidenti, qardaşım İlham Əliyevə bu niyyətim barədə danışdım, fikirlərimi çox müsbət qarşıladı.
Biz D-8 olaraq, müsəlman coğrafiyasında fərqli ölkələrin, məsələn, Özbəkistanın da bizə qatılmasını istəyirik; 1,1 milyard əhalisi olan bu coğrafiyanın sərvəti 3,3 trilyon dollara yaxındır.

Buna görə də D-8 təşkilatımızı digər beynəlxalq iqtisadi təşkilatlarla rəqabət aparacaq vəziyyətə gətirmək fikrindəyik.
Türkiyənin sədrliyi dövründə D-8 təşkilatının sərhədlərini genişləndirmək və üzv ölkələr arasındakı münasibətləri inkişaf etdirmək üçün öhdəliyimizə düşən hər şeyi edəcəyik”.

Ümumiyyətlə, Ərdoğanla yanaşı, D-8 formatının üzv dövlət başçılarının İstanbul Sammitindəki çıxışlarında qurumun genişləndirilməsi və birgə əməkdaşlığın dərinləşdirilməsinə yönəlik fikirlər səsləndirilib.

Bu isə o deməkdir ki, D-8-in mövcud iştirakçıları formata yeni ölkələrin qoşulması və potensialının artırılması məsələsində eyni mövqedədirlər.

Bu məsələni Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, D-8 formatı indiki tərkiblə də geniş imkanlara malikdir və ora yeni ölkələrin qəbulu qurumun dünya miqyasında rəqabət qabiliyyətini daha da artıracaq:

“Qeyd edim ki, D-8 formatı hələ mərhum Nəcməddin Ərbakanın təşəbbüsü ilə inkişaf etmiş müsəlman dövlətlərindən ibarət formalaşdırılıb.

Hazırda bu formatın canlandırılması və geniş coğrafiyada əməkdaşlığın dərinləşdirilməsinə hədəflənmiş cəhdlər müsbət qiymətləndirilməlidir.

D-8 formatının indiki tərkibinə nəzər salsaq, oradakı ölkələrin İslam dünyasında özünəməxsus yer tutduqlarını, ciddi iqtisadi imkanlara malik olduqlarını görərik.

İstanbul Sammitində Azərbaycan prezidenti İlham Əliyevin xüsusi qonaq qismində iştirakı xüsusi vurğulanmalı məqamdır.

D-8 üzvlərinin Azərbaycana münasibəti göstərir ki, onlar ölkəmizin bu formata daxil olmasını müsbət qarşılayırlar. Hətta Pakistan tərəfi bu təklifini açıq şəkildə ifadə etdi.

Eyni zamanda, Özbəkistan və digər müsəlman dövlətlərinin də D-8-ə qəbulunun mümkünlüyü haqda fikirlər səsləndirildi.

Belə görünür ki, Sammitə ev sahibliyi edən Türkiyə D-8-in genişləndirilməsi və gücləndirilməsi istiqamətində səylərini artırmaqda qərarlıdır. Bunun üçün imkanlar var.

Həmin imkanlardan necə istifadə olunacağını isə gələcəkdə görəcəyik”.

A. Zeynalov

COP29