“Ərdoğanın Körfəz ölkələrinə səfərinin ilk müsbət işartıları var” – Ankaradan reaksiya

Türkiyə prezidentinin Körfəz ölkələrinə səfəri çərçivəsində apardığı müzakirələrin Qətər böhranının həllinə müsbət təsirinin olacağı bildirilir.

Yenicag.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər böhranını müzakirə etmək üçün getdiyi Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfərini başa vurub.

Türkiyə prezidentinin bu turnesini qiymətləndirən ekspertlərin səfərin nəticələri ilə bağlı fikirləri haçalansa da, Ərdoğanın apardığı müzakirələrin ümidverici olduğu vurğulanır.

Prezident Rəcəb Tayyib Ərdoğanın qeyd olunan üç ölkəyə səfərini Yenicag.az-a dəyərləndirən Ankara Siyasət Mərkəzinin (APM) mütəxəssisi, politoloq Orxan Qafarlının fikrincə, aparılan müzakirələrin ilkin müsbət işartıları var:

“Prezident Ərdoğanın körfəz ölkələrinə səfərinin uğurlu alındığını söyləməyə əsas verən müəyyən məqamlar var.
Həmin məqamlardan biri də Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin yekununa doğru, gecə saatlarında bu ölkədə “Əl-Cəzirə” kanalının, o cümlədən digər internet resurslarının yayımına qoyulmuş qadağanın aradan qaldırılmasıdır.

Bununla da Səudiyyə Ərəbistanının əhalisi bir müddət davam edən informasiya blokadasından sonra dünyada və regionda cərəyan edən proseslər haqqında operativ məlumat almaq imkanı qazandılar.

Lakin Qətər böhranı hələ də qalır və problemin həlli üçün müzakirələrin davamına ehtiyac var. Doğrudur, bu məsələdə vasitəçilik missiyasını Küveyt üzərinə götürüb. Lakin Türkiyə də bu böhranın həllində ciddi rol oynaya bilər”.

A.Zeynalov
Yenicag.Az

COP29