Ərdoğanın Qarabağ mesajına REAKSİYA: “Türkiyə Prezidenti “biz” deyəndə Azərbaycanı nəzərdə tutur”

“Prezidentimiz cənab Ərdoğanın, “Liviyaya, Qarabağa necə girdiksə, elə də İsrailə girərik” açıqlaması bəzi fürsətçiləri ayağa qaldırıb. Onlar hazırda “Ay qoymayın, Ərdoğan Azərbaycanın qələbəsini mənimsəyir, Ərdoğan Azərbaycan Ordusunu heçə sayır, Ərdoğan İlham Əliyevə qarşıdır” kimi sərsəm açıqlamalar yayımlayırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Turan Partiyasının sədri Cahandar Bayoğlu deyib.
O, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın məlum açıqlaması ilə bağlı səslənən fikirlərə etiraz edib.

“Onu bilmək lazımdır ki, əksinə, cənab Ərdoğan Azərbaycanın Türkiyə ilə bir olduğunu bir daha bəyan edir, “biz” deyəndə Azərbaycanı düşünür, “Azərbaycan, yaxud Türkiyə, fərqi yoxdur” deyir. Necə ki, Türkiyə Liviyaya girəndə, biz hər yerdə “Liviyaya girdik, sərhədlərimizi genişlətdik” dedik. Onda bizə deyən oldumu ki, Türkiyənin qələbəsini niyə üstlənirsiniz? Ağalar, ağıllı olun, biz deyəndə ki, Türkiyə Azərbaycan, Azərbaycan da Türkiyədir, deməli, onların da ayrı olmadığını biləcəksiniz.

Biz bir bütünük. Prezidentimiz cənab İlham Əliyevin “Türkiyə yoxdursa, biz varıq” cavabı da buna yetərlidir.

Odur ki, fürsətçiləri tanıyın, başqa güclərin əlinə oynayanların millətin, dövlətin adına oynamalarına imkan verməyin”.

Rafi Müslümov