!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğanın qələbəsi Azərbaycan -Türkiyə ittifaq dövlətini gündəmə gətirəcək” – Ekspert

!Reklam – Yazi

“24 iyun seçkilərində Ərdoğanın qalib gəlməsi gözlənilən idi və onun qələbəsi heç bir halda sürpriz sayılmamalıdır”.

Qabil Hüseynli

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə ötən gün keçirilmiş növbədənkənar prezident və parlament seçkilərinin nəticələrini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Politoloqun fikrincə, Rəcəb Tayyib Ərdoğanın və partiyasının qələbəsi hakim komandaya öz siyasətini davam etdirmək imkanı yaradıb:

“Öncə onu deyim ki, Ərdoğanın və AKP-nin qələbəsi gözlənilirdi və bu nəticələr heç bir halda sürpriz deyil. Hər halda, 16 ildir, hakimiyyətdə olan Ərdoğan Türkiyə adına xüsusilə, iqtisadi sahədə ciddi uğurlara imza atıb. Ona görə də, bu nəticələr kifayət qədər təbii qarşılanmalıdır.

Fikrimcə, Türkiyə müxalifətinin bu nəticələri müəyyən qədər şübhə altına alması səbəbindən ölkə daxilində bir müddət gərginlik yaşanacaq. Ancaq bu gərginliyin davamlı olacağını zənn etmirəm. Tezliklə seçki ehtirasları səngiyəcək və həyat öz axarına qayıdacaq.

Demək artıqdır, Türkiyə ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Ərdoğanın bu qələbəsi mövcud münasibətləri daha yüksək səviyyəyə qaldırmağa yol açacaq. Hesab edirəm ki, bu mənada Azərbaycanla Türkiyə arasında effektli hərbi sazişin imzalanması və ittifaq dövləti yaradılması məsələsi gündəmə gələ bilər.

Əlbəttə, Ərdoğanın qələbəsi Qərb tərəfindən birmənalı qarşılanmayacaq və hətta nəticələrin tanınmaması ehtimalının olduğunu da deyə bilərik. Bu isə Türkiyənin Qərb dövlətləri ilə münasibətlərində hökm sürən gərginliyin artacağına işarədir”.

Qeyd edək ki, Türkiyədə ötən gün keçirilmiş prezident seçkilərində 52,55 faiz səs qazanan Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Onun əsas rəqibi olan Məhərrəm İncə 30,67 faiz səs toplayıb. Digər namizədlərdən Səlahəddin Dəmirdaş 8,36 faiz, Maral Akşənər isə 7,33 faiz səs yığıb.

Parlament seçkilərində də hakim AKP 42,51 faiz səslə (293 millət vəkili) “marafon”u öndə tamamlayıb. AKP-nin “Cumhur ittifaqı”ndakı müttəfiqi MHP isə 11,13 faiz səs (50 millət vəkili) qazanıb. “Millət ittifaqı”nda birləşən müxalifət partiyaları isə aşağıdakı nəticələri göstəriblər: CHP 22,68 faiz (146 millət vəkili), İYİ Partiya 10,01 faiz (44 millət vəkili), Səadət Partiyası 1,35 faiz (0).

Kürdlərin partiyası sayılan HDP də 11,63 faiz səs (67 millət vəkili) yığaraq barajı keçib.

A.Zeynalov

www.yenicag.az

2811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv