Ərdoğanın qələbəsi Türkiyəni parçalamaq istəyənlərə zərbə vurdu – MÖVQE

Qardaş Türkiyə növbəti bir sınaqdan da uğurla çıxdı. Ölkə əhalisinin 51 faizindən çoxu Türkiyənin prezident üsul-idarəsinə keçməsilə bağlı keçirilən referenduma müsbət cavab verdi. Yenicag.az olaraq bu referendumun nəticələri, onun ölkənin gələcək həyatında oynayacağı rol barədə ekspertlərin fikirlərini öyrəndik.

Milli Məclisin deputatı Fəzail İbrahimli Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Türkiyə baş tutan referendumla onu parçalamaq istəyən qüvvələrə sarsıdıcı zərbə vurdu:

“Türkiyədə keçirilən referendumda qoyulan məsələyə verilən müsbət cavab bir daha bu xalqın müdrikliyini göstərdi. Türkiyə bu referendumla dünyaya bir nümunə olacaq demokratiya dərsi keçdi. Türkiyəni parçalamaq istəyən qüvvələrin arzuları gözlərində qaldı.

Türkiyəyə qarşı qurulan siyasi oyunlar arxivə atıldı. Bu illər ərzində Türkiyəni müxtəlif istiqamətlərə yönəltməyə, dövlət çevrilişlərinə cəhd etməyə çalışdılar. Şükür ki, türk xalqı bu sınaqlardan çox uğurla çıxdı. Bununla türk cəngavər və güclü xalq olduğunu, millətin, dövlətin taleyinə ciddi yanaşdığını bir daha sübut etdi. Xaricdən biriləri Türkiyəni vətəndaş müharibəsinə sövq etməyə, onu parçalamağa çalışır. Bu qüvvələr Avropadan idarə olunur. Burada kürd, erməni faktorları ilə yanaşı siyasi qarşıdurma amilləri də mövcuddur. Hətta Türkiyənin özündə həddən artıq siyasi ambisiyalarla yaşayan və istənilən anda istənilən addımı atmağa hazır qüvvələr var. Bu mənada həmin mənfur qüvvələrin neytrallaşdırılması baxımından referendumda irəli sürülən məsələyə müsbət cavab verilməsi türk xalqının böyük qələbəsidir. Möhkəm əl, güclü lider, monolit xalq – bu 3 amil hazırda Türkiyədə yerindədir. Güman edirəm ki, Türkiyə əyilməz, çökməz və bölünməz. Bunların hamısı millət tərəfindən dərk olunduğu üçün referendum da öz işini gördü. Artıq dövlətin güclü Prezidenti, lideri var və xalqın öz liderinə sevgisi də dünən tam ifadə olundu”.

Siyasi icmalçı Vüqar Zifəroğlu da qeyd etdi ki, referendumdan sonra ölkənin siyasi həyatında ciddi proseslərə start veriləcək:

“Referendumun nəticələri ilk növbədə onu göstərdi ki, Türkiyə cəmiyyətinin özündə bu dəyişikliklərə münasibət birmənalı deyil. Təbii ki, bütün bunlar, qarşıdakı müddət ərzində qardaş ölkənin siyasi həyatında ciddi proseslərin gedəcəyindən xəbər verir. Bildiyiniz kimi, Konstitusiya cəmiyyətin əksər hissəsinin düşüncələrini, baxışını özündə əks etdirən ictimai aktdır. Bu mənada, 51 faizlə qəbul edilən Konstitusiya barədə fikirlərin gələcəkdə Türkiyənin daxilində sabitliyi pozmaq istəyən qüvvələrin əlində manipulyasiya alətinə çevriləcəyini söyləmək də mümkündür. Ehtimal etmək olar ki, bir müddət sonra yeni dəyişikliklər gündəmə gəlsin və daxili sabitliyin qorunması, milli bütünlüyün təmin edilməsi məqsədi ilə buna gedilsin. Təbii ki, burada həm də Türkiyənin iqtisadi və siyasi ağırlığında önəmli pay sahibləri olan iri şəhərlərin – İstanbul, Ankara, İzmir və Antaliyada nəticələrin “xeyir” olması da qabardılmalı faktdır.

Siyasi düşərgələrdə isə yaxın müddət ərzində MHP, CHP və elə AKP-nin özündə maraqlı yenilənmələr, dəyişiklik və qopmalara şahidlik edə bilərik. Gələn il, yeni parlament seçkiləri keçirilə bilər ki, nəticəsini indidən proqnozlaşdırmaq çətindir. Bu, hətta təkpartiyalı iqtidar dönəmini bitirə bilər. Eyni zamanda sağ mərkəzdə faktiki olaraq bölünmüş vəziyyətdə olan cümhuriyyətçi və atatürkçü cameəyə sahiblənəcək yeni bir siyasi partiyanın yaranmasının da şahidi ola bilərik”.

ELÇİN

Yeniçağ.az