Ərdoğanın qələbəsi və Rusiya-Türkiyə münasibətləri – Ruslan Aysin şərh edir

“Türkiyə regional və qlobal siyasətdə mühüm oyunçuya çevrilir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyalı şərqşünas, “TatPolit” Konseptual Platforma layihəsinin rəhbəri Ruslan Aysin deyib.

Rusiyalı ekspertin fikrincə, Türkiyə xalqı 24 iyun seçkilərində doğru seçim edib:

“Türkiyə xalqı bu seçkilərdə də öz lideri və onun siyasi kursu ətrafında sıx birlik nümayiş etdirdi. AKP iqtidarının və Ərdoğanın liberal cameənin güclü tənqidlərinə məruz qalmasına, eyni zamanda, siyasi-iqtisadi çağırışlara baxmayaraq, hakim komanda bütün bu çətinlikləri dəf etməyi bacardı. Türkiyə regional və qlobal siyasətdə mühüm oyunçuya çevrilir və bu, əlbəttə ki, hamının xoşuna gəlmir.

Əslində, demokratik cəmiyyətlərdə narazılıqların və tənqidlərin olması təbiidir. Hamının hər şeydən razı qalması yalnız totalitar rejimlərə xas olan durumdur. Eyni zamanda, seçkilərdə Ərdoğan əleyhinə ittifaqların qurulması da elektoral demokratiya baxımından normal qarşılanmalıdır.

Lakin Ərdoğan Türkiyənin vətənpərvər qüvvələrini öz ətrafında birləşdirməyə nail oldu. Ərdoğan həm də Avrasiya coğrafiyasındakı bütün Türk xalqları arasında da çox populyardır.

Xatırladım ki, Türkiyə Suriya münaqişəsində iştirak edir və kürd separatçılarının terror hücumlarına məruz qalıb. Belə bir şəraitdə Türkiyə cəmiyyətində millətçilik əhval-ruhiyyəsinin yüksəlməsi təbiidir. Ərdoğan da bunu nəzərə alaraq, millətçilərlə ittifaq yaratdı.

Maraqlıdır ki, hətta Ərdoğanın ən qatı əleyhdarları da 24 iyun seçkilərinin şəffaf keçdiyini, ciddi qanun pozuntularına və saxtalaşdırmaya yol verilmədiyini etiraf ediblər. Ərdoğan öz qələbəsindən əmin idi və ona görə də bu zəfərə kölgə salacaq hərəkətlərə imkan vermədi”.

Aysinin fikrincə, 24 iyun seçkiləri Türkiyə-Rusiya münasibətlərinin inkişafına təkan verəcək:
“Hesab edirəm ki, Moskva ilə Ankara arasında münasibətlər Suriya məsələsində bəzi korrektələr fonunda bundan sonra daha da dərinləşəcək. Türkiyənin xüsusilə, Tatarıstanla yaxın mədəni-iqtisadi münasibətləri yaranıb və bu əlaqələr genişlənməkdədir.

Hətta 2015-ci ildə yaranan böhran zamanı Tatarıstan ölkə rəhbərliyinin mövqeyinə baxmayaraq, Türkiyə ilə əlaqələri kəsməkdən imtina etmişdi. Nəticədə münasibətlər normallaşdı və Kazanın haqlı olduğu üzə çıxdı. 24 iyun seçkiləri isə Rusiya-Türkiyə münasibətlərinin dərinləşməsinə təkan verəcək”.

COP29