Ərdoğanın sözçüsü: “Bu hücum Əsədin hərbi cinayətlərinə tutarlı cavabdır”

Türkiyə Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası ABŞ-ın Suriyada hərbi bazanı bombalamasına münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyaya endirdiyi hərbi zərbə ilə bağlı bunları deyib:

“ABŞ-ın Suriyanın Homs bölgəsindəki Şayrat aviabazası istiqamətində həyata keçirtdiyi hava hücumunu Əsəd rejiminin hərbi cinayətlərə verilən tutarlı cavab kimi qiymətləndiririk. Şaryat aviabazasının istifadəyə yararsız hala gətirilməsi dinc əhaliyə kimyəvi və qadağan olunmuş başqa silahlarla divan tutulmasının cavabsız qalmaması baxımından mühüm addımdır. Dinc əhaliyə qarşı qətliamların təkrarlanmaması üçün təcili olaraq, uçuşun qadağan edildiyi zona və təhlükəsizlik bölgəsinin yaradılması lazımdır”.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında isə Suriya rejiminin İdlib bölgəsindəki Xan Şeyxun məntəqəsini kimyəvi silahlarla bombalamasından sonra ABŞ-ın Şayrat aviabazasına qarşı gerçəkləşdirdiyi əməliyyatın çox effektli olduğu qeyd edilib:

“Türkiyə bənzər cinayətlərin cəzasız qalmaması və hesab vermək nümunəsinin yaranması üçün atılacaq addımları tam dəstəkləyəcək”.

Yeniçağ.Az