Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir.

Yenicag.az-ın məlumatına görə, səfər zamanı Rəcəb Tayyib Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və digər rəsmi şəxslər müşayiət edir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.