!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın ultimativ çağırışına Paşinyandan QARŞILIQ: “Ermənilər vəziyyətin ağırlığını anlayırlar” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistan hakimiyyəti və cəmiyyəti yaranmış şəraitdə geniş seçimlərinin olmadığını görür”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla münasibətlərin normallaşdırılmasına dair çağırışına bu ölkənin baş naziri Nikol Paşinyanın müsbət reaksiyasını şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını öz vəziyyətini yüngülləşdirmək vasitəsi kimi görür:

“Ermənistan hakimiyyəti və cəmiyyəti yaranmış şəraitdə geniş seçimlərinin olmadığını görür, düşdükləri vəziyyətin ağırlığını anlayırlar. Başa düşürlər ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yolları yoxdur.

O baxımdan, Paşinyanın Türkiyə ilə müzakirəyə hazır olduğunu bəyan etməsi bu zərurətin açıq ifadəsidir. Təbii ki, aparılan müzakirələr nəticəsində bir sıra problemləri aradan qaldırmaq mümkündür.

Mən Ermənistan mediasını müntəzəm izləyirəm və orada yayımlanan materiallarda artıq Türkiyə ilə Ermənistanın müəyyən bir heyətin qarşılıqlı səfərlərinə hazırlıqdan bəhs olunur. Ona görə də, belə düşünülür ki, bu gedişat müsbət sonuclana bilər. Lakin indidən qəti nəsə söyləmək üçün tezdir.

Bu məsələdə əlbəttə ki, Rusiya faktorunun da təsiri var. Hər halda, Ermənistanın belə vacib prosesdə Rusiya ilə razılaşdırmadan addım atması təsəvvür edilmir. Bununla belə, nəzərə alınmalıdır ki, Rusiya da Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında, yeni nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Bu amil həm də Rusiyanın Cənubi Qafqazda mövcudluğunu daha da qalıcı edə bilər.

Eyni zamanda, Ermənistanda Azərbaycanla sülh sazişinin imzalanması da əsas müzakirə mövzularından biridir. Doğrudur, bu istiqamətdə hər hansı konkret addım olmasa da, müzakirələr ara vermir. Xatırladım ki, Azərbaycanın bununla bağlı başlıca şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, həm də Türkiyənin şərti kimi qəbul olunmalıdır. Fikrimcə, yaxın müddətdə bu məsələlərə aydınlıq gələcək”.

A.Zeynalov

www.yenicag.az

937
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv