“Ərəb baharı” Cənubi Qafqaza yönəldilir? – Azərbaycanı gözləyən təhlükə

 

2011-ci ilin əvvəllərində Yaxın Şərq və Şimali Afrika ölkələrində zənicirvarı formada vüsət alan və siyasi tarixə “Ərəb baharı” kimi daxil olan məlum proseslər regionda yeni şərait yaratdı.

Bu proseslərin başlanğıcında baş verənləri ABŞ-ın o dönəmdəki prezidenti Barak Obamanın İslam dünyasına “demokratiya gətirmək” niyyəti ilə əlaqələndirənlər cəmi bir neçə ay sonra öz qənaətlərində yanıldıqlarını anladılar.

“Ərəb baharı” dalğası Tunisdə Ben Əli, Misirdə Hüsnü Mübarək, Liviyada Müəmmar Qəddafinin, Yəməndə Əli Abdullah Salehin onillər boyu davam etmiş hakimiyyətinə son qoydu.

Səudiyyə Ərəbistanı, İordaniya və Qətər müəyyən kadr dəyişiklikləri, o cümlədən xalqa xəzinədən pul paylamaq hesabına hakimiyyət dəyişikliyindən qaça bildi. Bəhreyn isə sırf ABŞ-ın birbaşa dəstəyi ilə əmiri öz taxtında saxladı.
“Ərəb baharı” regionun nisbətən inkişaf etmiş ölkəsi olan Suriyada “ilişib” qaldı. ABŞ başda olmaqla, Qərbin geniş koalisiyası Rusiya ilə İranın hərtərəfli yardımına arxalanan Bəşər Əsəd rejimini bu günə qədər devirə bilməyib.

Dəyişikliklər dalğasının Suriyada səngiməsi ilə ABŞ regionda yeni “oyunçu”nu – İraq-Şam İslam Dövlətini (İŞİD) dövriyyəyə buraxdı. İŞİD-in qanlı əməllərinin bölgədə yaratdığı qarışıqlıq haqqında geniş danışmağa ehtiyac yoxdur. Fakt budur ki, Qərb bu terror şəbəkəsinin əli ilə Yaxın Şərqdə idarəolunmaz xaosun hökm sürməsinə nail oldu.

Ermənistanda xalq etirazı nəticəsində Serj Sarkisyan rejiminin devrilməsi və Nikol Paşinyanı iqtidara gəlişi Qərbin hakimiyyət dəyişiklikləri planını Cənubi Qafqaz ölkələrinə yönləndirdiyinə dair müəyyən rəy formalaşdırıb. Ermənistanda hakimiyyət dəyişikliyi ilə eyni vaxtda Gürcüstanda da etiraz dalğasının baş qaldırması bu qənaətləri bir qədər də möhkəmlədirib. Bu baxımdan, Qərbin Cənubi Qafqazı özünün növbəti “aktiv poliqon”una çevirməsinə yönəlik yanaşmalar intensivləşməkdədir.

Mövzu haqqında Yenicag.az-a danışan politoloq Aydın Quliyev bu məsələyə müəyyən qədər ehtiyatlı yanaşmağın tərəfdarıdır. Onun fikrincə, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi bu prosesin zəncirvari qaydada davam edəcəyini söyləmək üçün yetərli deyil:
“Hələlik bu proseslərə Qərbin yumşaq, “məxməri inqilab”ssenarilərini ardıcıl surətdə Cənub Qafqaza yönəltmək kimi ssenarilərinin tərkib hissəsi olaraq, baxmıram.

Çünki Ermənistan baş verən proseslərin nə ilə nəticələnəcəyi hələ bəlli deyil. Amma istərsə, Qafqaz, istərsə də, başqa bir sakit bölgədə sabitliyi pozmaq və mövcud hakimiyyətləri yumşaq formada dəyişdirmək cəhdləri həmişə olub, bu gün də var.
Lakin mən burada Ermənistanın əli ilə Cənubi Qafqazda müharibə vəziyyəti yaratmaq meyllərini görürəm.

Hər halda, Ermənistanın yeni hakimiyyəti özündən əvvəlki rəhbərliyin az-çox meyl etdiyi bütün konstruktiv və kompromis şərtlərin hamısını tapdalamaqdadır, Dağlıq Qarabağla bağlı hər gün yanlış addımlar atır.

Dağlıq Qarabağ separatçılarının danışıqlarda müstəqil tərəf kimi iştirakı, Ermənisatnın danışıqlarda sadəcə öz adından iştirak etməsi, bu ölkənin yeni xarici işlər nazirinin Qarabağa və Naxçıvanla sərhəd bölgələrə səfəri, bunun həmən ardınca Naxşıvanda bizim əsgərin qətlə yetirilməsi kimi məqamlar belə nəticə çıxarmağa əsas verir ki, Ermənistanın yeni rəhbərliyi sanki Dağlıq Qarabağ ətrafında vəziyyətin aktiv müharibə fazasına keçməsinə cəhd göstərir.

Bəli, bu gedişat təhlükəli ola bilər. Çünki Ermənistanın müharibə vəziyyətini daha da kəskinləşdirməsi Qarabağın ətrafında müəyyən geopolitik dəyişikliklərə gətirib çıxara bilər. Bütün bunların nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq isə indidən çətindir.
Amma indiki şəraitdə “məxməri inqilab” ssenarilərinin Cənubi Qafqaz ölkələrində – əvvəlcə Gürcüstanda, daha sonra Ermənistanda, ardından isə Azərbaycanda tətbiqi ilə əlaqədar bir planın olduğunu şəxsən mən görmürəm”.

A.Zeynalov

COP29