“Ərəb dövlətləri Fələstini İsrailə qurban verir” – Eylem Okumuş “Yeni Çağ” üçün yazdı

“Lakin ərəb dövlətləri liderlərindən fərqli olaraq, xalq bu məsələlərə səssiz qalmayacaq”.

Türkiyənin tanınmış eksperti, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Eylem Okumuş Yenicag.az-a Yaxın Şərqdə cərəyan edən proseslər fonunda ərəb dövlətlərinin İsraillə əldə etdikləri “Fələstin sövdələşməsi”ni dəyərləndirib.

Okumuşun fikrincə, ərəb dövlətlərinin bu yanaşması Fələstini İsrailə qurban verməkdir:

“ABŞ prezidenti Donald Trampın kürəkəni və yəhudi lobbiləri ilə yaxın münasibətdə olan Cared Kuşner bu mərhələdə özünü xarici işlər naziri kimi apararaq, Yaxın Şərq ölkələri ilə gizli görüşlər təşkil etdi. Kuşnerin bu diplomatiyasında diqqət çəkən iki məqam var idi.

Bunlardan birincisi, Ərəb-İsrail müharibəsini dayandırmaqla, bölgədə yeni bir nizam formalaşdırmaq üçün “Əsrin anlaşması”nın müzakirəyə çıxarılmasıdır. İkincisi isə bu sövdələşmənin tərəfləri olan İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yaxın Şərqdəki coğrafi mövqeyinə baxdıqda, Bəsrə körfəzindən Aralıq dənizinə qədər uzanan bir enerji xətti üçün tələb olunan xəritənin artıq çəkildiyi məlum olur.

Bu xətt İran və Qətər arasındakı təbii qaz ehtiyatını Səudiyyə Ərəbistanı – İordaniya – İsrail – Livan marşrutu ilə Aralıq dənizinə çıxarmağı hədəfləyir. Bütün bu proseslərdə İordaniyanın maraqlarının nəzərə alınmaması, ona sadəcə, kiçik bir müstəmləkə münasibəti göstərildiyi üçün Əmmanda İraq vasitəsilə İranla ticarət əlaqələrinin inkişaf etdirilməsinə isti münasibət yaranıb. Bu isə adını çəkdiyimiz ölkələrin qətiyyən xoşuna gəlmir.

Buna görə də yaxın zamanda İordaniyaya qarşı müxtəlif təzyiqlərin başlayacağını deyə bilərəm. “Əsrin anlaşması” özlüyündə müsbət görünsə də, reallıqda belə deyil. Bu sövdələşmə ilə guya Qəzza və Qərbi Şərianın İsrailə inteqrasiya edilməsi ilə İsrail-Fələstin müharibəsi yekunlaşacaq. Amma əslində, bununla İsraildən asılı olan Fələstin Muxtariyyəti yaradılacaq. Bu layihəyə ən böyük dəstək isə ərəb ölkələrindən gələcək.

Legitimlik baxımından, bu anlaşma qanundan kənardır. Eyni zamanda, Qüdsün İsrailin paytaxtı kimi tanınması, Colan təpələrinin ilhaqı və Qərbi Şəriyadakı yəhudi torpaqlarının tanınması kimi məsələlər də qanuna zidd idi. ABŞ bütün beynəlxalq hüququ tapdalayaraq, bu addımları atdı.

Ərəb liderlərinin böyük hissəsinin bu məsələ ilə artıq əvvəlki kimi maraqlanmadıqları və İslam Əməkdaşlıq Təşkilatının Fələstin məsələsində praktik işlər görməməsi kimi reallıqlar da var. Lakin ərəb dövlətləri liderlərindən fərqli olaraq, xalq bu məsələlərə səssiz qalmayacaq. Ümid edirəm ki, bu prosesdə çox qan tökülməyəcək”.

Aqil Bəkir

COP29