Ərəbistanda alkoqollu içkilərin satışına icazə verilir?

Səudiyyə Ərəbistanında mehmanxana və restoranlara alkoqol satışına icazə veriləcəyi ilə bağlı gəzən şayiələri hökumət rəsmən rədd edib.

Yenicag.az xəbər verir ki, Bələdiyyə Nazirliyinə və Kənd Təsərrüfatı İşləri idarəsinə aid edilən saxta məktub xeyli müddət idi ki, sosial şəbəkələrdə müzakirə olunurdu. İddiada deyilirdi ki, hökumət müəyyən ərazilərdə müştərilərə alkoqollu içkilər təklif olunmasına imkan verəcək.

Belə bir şayiənin ortaya çıxması isə Əyləncə Məsələləri üzrə məsul şəxslərin verdiyi bəyanat olub. Onlar bildirib ki, mehmanxana və restoranlarda canlı musiqi ilə yanaşı, digər artistlərin çıxışlarına da icazə veriləcək.

“Saxtalaşdırma açıq-aydındır və hər kəs bunu asanlıqla müəyyən edə bilər”, – rəsmilərin bəyanatında belə deyilir. Qeyd olunur ki, bəzi dairələr bu saxta məktubla Səudiyyə Ərəbistanının beynəlxalq nüfuzuna zərbə endirməyə cəhd göstərib.

“Bizim ənənələrimizə və mədəniyyətimizə ölkənin hər yerində hörmət ediləcək. İslama söykənən dəyərlərimizi uca tutacağıq”, – Krallıqda Əyləncə Məsələləri üzrə məsul olan Türki Əl Şeyx belə deyib.

O bildirib ki, bu məsələ ilə bağlı yerli və beynəlxalq olmaqla 100-dən artıq şirkətlə danışıqlar aparılır.

Cümə günü axşam isə italiyan opera ulduzu Andrea Bocelli Səudiyyədə varlıların toparlandığı “Əl Ula”-da auditoriyaya həyəcanlı anlar yaşadıb: “Birinci dəfədir ki, Səudiyyə Ərəbistanında çıxış edirəm. Təşkilatçılardan və buradakı gözəl auditoriyadan çox məmnunam. Burada möhtəşəm qəbul və qonaqpərvərlik gördüm. Belə əzəmətli mühitdə oxumaq mənim üçün böyük şərəfdir”./musavat.com/

COP29