ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri zamanı səsləndirdiyi bəyanatlar onun xarici siyasətinin hələ tam formalaşmaması kimi qiymətləndirilir.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq ölkələrinə səfərinin əsas məqamlarını Yenicag.Az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, Ağ Evin yeni sahibinin son addımları həm də özünün daxili-siyasi vəziyyətini sabitləşdirmək məqsədi daşıyır:
“Trampın Səudiyyə Ərəbistanına səfərini, ümumiyyətlə, ərəb dünyası ilə yaxınlaşmaq cəhdləri fonunda ABŞ-ın Türkiyəyə münasibətinin dəyişmədiyi qabarıq nəzərə çarpır. Təəssüflə qeyd olunmalıdır ki, Tramp Obamanın dövründə əsası qoyulan Türkiyə əleyhinə siyasəti davam etdirməkdədir. Prezident Ərdoğanın Vaşinqtona səfəri bunu birbaşa təsdiqlədi. Hər halda, Fərullah Gülənin Türkiyəyə təhvil verilməməsi və ABŞ-ın terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD-ni silahlandırmaqda davam etməsi bunun göstəricisidir.
Bu fonda Trampın Səudiyyə Ərəbistanına isti münasibəti diqqəti cəlb edir. Maraqlıdır ki, seçkiqabağı kampaniya vaxtı Səudiyyə Ərəbistanını dəfələrlə aşağılayan Tramp bu gün tam fərqli mövqedədir. Burada ABŞ-ın Səudiyyə Ərəbistanına qarşıdakı 10 il ərzində təqribən 300 milyard dollar dəyərində silah satışı üzrə anlaşmanın ciddi təsiri var. Bu müqavilə ABŞ-ın gəlirlərini artırmaqla yanaşı, ölkədə yeni iş yerlərinin açılmasına da zəmin yaradır. O baxımdan, daxili-siyasi vəziyyəti gərginləşən, hətta impiçment təhlükəsi ilə üzləşən Tramp bu addımları ilə təhlükəni sovuşdurmağı düşünür.
Lakin aydın görünür ki, Tramp artıq neçə aydır ki, vəzifəsinin icrasına başlasa da hələ özünün xarici siyasət kursunu tam müəyyənləşdirməyib. Özünüz də baxın, ABŞ Suriyada hökumət qüvvələrini bombalayır və bunun davamı gəlmir. Yaxın Şərqə hərbi gəmilər göndərir, ancaq bunun nə məqsəd daşıdığını özü də bilmir. Fələstin probleminin həllinə töhfə vermək istəyir, lakin ardıcıl addımlar atmır. Ona görə də Tramp öz xarici siyasətində hər an sürpriz edə bilər”.
A.Zeynalov
Yenicag.Az