Ərəstun Orucludan Mütəllibova çox ağır suallar: “Moskva niyə komandanı erməninin əli ilə…”

“Ayaz Mütəllibov düşünür ki, hadisələrin üstündən çox zaman keçdiyindən, onları xatırlayan azdır”.

Yenicag.az xəbər verir ki, keçmiş təhlükəsizlik zabiti, hazırda mühacirətdə olan Ərəstun Oruclu özünün “Facebook” səhifəsində eks-prezident Ayaz Mütəllibovun mətbuata son müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Ərəstun Oruclunun həmin qeydlərini təqdim edirik:

“Tarixi niyə oxumaq lazımdır.

Bu günlər heç nə yazmaq istəmirdim, çünki təəssüflə də olsa deməliyəm ki, indi elə bir mühit formalaşdırılıb ki, ağa qara demək və qaranı ağ kimi təqdim etmək tamamilə adiləşib. Anlaşılandır ki, zamana ehtiyacı olan məsələdir və ona görə də əsəblərini və enerjini daha yaxşı işlər üçün qorumaq lazımdır.

Elə şeylər də var ki, onlar haqda ümumiyyətlə heç zaman yazmaq istəmirsən. Məsələn, keçmiş siyasətçilər və dövlət rəhbərləri haqda. Deyək ki, Ayaz Mütəllibov haqqında daim nəsə yazmamağa və ya deməməyə çalışıram, çünki hər necə də olsa, ölkənin prezidenti olub.

Amma təəssüf ki, cənab eks-prezident öz növbəsində zaman-zaman verdiyi məntiqsiz açıqlamaları ilə susmağa imkan vermir. İndi də müsahibə verib deyir ki, o vaxt, yəni SSRİ təzə dağılanda Azərbaycanı MDB sammitinə dəvət etməyiblərmiş və ölkəmizi Rusiyadan ayırmaq da ancaq ermənilərə sərf edirdi. Əvvəla, Ayaz Mütəllibov düşünür ki, hadisələrin üstündən çox zaman keçdiyindən, onları xatırlayan azdır, ikincisi də ölkədə alternativ media yox dərəcəsindədir, ona görə də iddialarına cavab verən olmayacaq.

Nəhayət, indi Rusiya ilə dostluq populyar mövzudur və ondan da danışmağı “xahiş ediblərsə” niyə də mediaya çıxmasın. Yazdığımın da nə onun şəxsiyyətinə nəsə bir aidiyyatı yoxdur, nə də məqsədim onu yanlış çıxarmaq deyil. Ayaz müəllim tarixdə öz yerini çoxdan müəyyənləşdirib. Elə buna görə də onun aqibəti tarixi baxımdan çox ibrətamiz nümunələrdəndir və indi bəzilərinə bunun üzərində düşünməyə dəyər.

Əslində, Azərbaycanın MDB sammitinə dəvət olunmaması sırf Ayaz Mütəllibovun şəxsi ilə bağlı olub. Belə ki, Ayaz Mütəllibov SSRİ-nin dağılmasına yekun vurmuş 1991-ci ilin avqust ayında baş tutmayan dövlət çevrilişi cəhdinə (QKÇP) dəstək olduğundan Yeltsin onu yaxına buraxmırdı.

Yaxşı, deyək ki, həqiqətən onun dediyi kimi olub, amma müsahibədə iddia elədiyi kimi ermənilər də buna nail ola bilməyiblər. Azərbaycan MDB-yə üzv olub, Ayaz Mütəllibov Rusiyanın ən böyük dostu idi, bütün komandası Moskva yönümlü idi, Rusiya qoşunları Azərbaycanda qalmışdı və s.

O zaman sual olunur ki:

1. Moskva onunla dostluğa can atan Mütəllibovun az qala bütün komandasını niyə ermənilərin əlilə vertolyotda qətlə yetirdi?

2. Rusiyanın Azərbaycanda qalan ordusunun 366-cı alayı niyə Xocalı qətliamını törətməkdə ermənilərə dəstək verdi?

3. Rusiya nədən erməniləri silahlandırırdı və hətta onun əsgərləri də Ermənistanın tərəfində niyə döyüşürdü?

4. Nəhayət, Rusiya niyə ona loyal olan Mütəllibovun hakimiyyətdən qovulmasına (özü də 2 dəfə) imkan verirdi?

Belə görünür ki, Ayaz Mütəllibov nə Rusiyaya can atan Azərbaycan xanlarının, nə də 1920-ci ildə Bakıya rus qoşunlarını çağıran bolşevik babalarının aqibətindən xəbərsizdir. Yəqin bəzi siyasətçilər tarixi özlərinin yaratdıqlarını düşünüb onu oxumağı lazım bilmirlər.

Amma çox nahaq. Oxusaydılar, ən azı bilərdilər ki, tarixin təkrarlanmaq kimi pis bir vərdişi var”.