Oreqon məhkəməsi ərini öldürməkdə təqsirli bilinən 71 yaşlı Nensi Krempton-Brofinə hökm oxuyub.
“Əri necə öldürmək olar” adlı essenin müəllifi olan yazıçı 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum edilib.
Qətl hadisəsi 2018-ci il iyunun 2-də baş verib. Aşpaz Daniel Brofi Oreqon Kulinariya İnstitutunun mətbəxində ölü tapılıb. Ölümün səbəbi ürək nahiyəsindən aldığı güllə yaraları olub. Həmin ilin sentyabr ayında qurbanın arvadı Krempton-Brofi qətl ittihamı ilə həbs edilib. Cari ilin may ayında isə andlılar məhkəməsi 71 yaşlı yazıçını təqsirli bilib.
İstintaqın məlumatına görə, Brofi ailəsi ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün Krempton-Brofi ərini öldürüb. O, bu yolla həyat yoldaşının bir milyon dollarlıq (1,7 milyon manat) sığortasını almaq istəyib.
Yeri gəlmişkən, qeyd edək ki, 2011-ci ildə o, “Əri necə öldürmək olar” adlı esse dərc etdirib. Bununla belə, bu fakt məhkəmə dinləmələrində yazıçıya qarşı sübut kimi istifadə edilməyib.