“Ərim general olanda bütün Azərbaycan mənə “çest” verirdi”

12035Gununsesi.info portalının rəhbəri, vicdan məhbusu Pərviz Həşimli hazırda Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsindədir. Bu barədə onun vəkili Bəhruz Bayramov müsavat.com-a açıqlamasında bildirdi. O, dedi ki, artıq müvəkkili ilə görüşüb.

Baş vermiş insidentin təfərrüatlarını açıqlayan vəkilin sözlərinə görə, hər şey P.Həşimlinin Gənclik həndəvərindəki bir yeməkxanadan çıxan vaxt milli təhlükəsizlik nazirinin eks – müavini Hilal Əsədovun həyat yoldaşı, 14 saylı Uşaq Poliklinikasının müdiri Nüşabə Əsədova və onun sürücüsü ilə qəfil qarşılaşması zamanı baş verib: “Nüşabə Əsədova sürücüsünə deyib kİ, mənim poliklinikanın baş həkimliyindən çıxarılmağımla bağlı xəbəri yazan adam budur. Sürücü də Pərvizə yaxınlaşıb ki, niyə yalan məlumat yaymısan, xanım vəzifəsindən çıxmayıb. Pərviz cavab verib ki, həmin vaxt biz xanımın özü ilə bu xəbəri dəqiqləşdirmək istəsək də, telefonlarımıza cavab vermədi. Bu zaman mübahisə uzanıb. Pərviz isə bu baş verənlərin hamısını telefonla çəkib. Nüşabə Əsədova deyib ki, mənim həyat yoldaşım general olanda bütün Azərbaycan mənə “çest” verirdi. Pərviz hiss edib ki, onu təxribata çəkmək istəyirlər, ona görə də uzaqlaşıb. Çox güman ki, qarşı tərəf də bu zaman nə etdiyinin fərqinə varıb və sürücü arxadan Pərvizə çataraq ondan mobil telefonunu almağa cəhd edib. İnsidentə polis müdaxilə edib və hər iki tərəf polis bölməsinə gətirilib”.

B.Bayramov dedi ki, qarşı tərəf ərizə yazaraq guya ki, P.Həşimlinin 3 yaşlı bir uşağı vurduğunu iddia edib. Onun sözlərinə görə, poliklinikanın işçilərini də şahid olaraq gətiriblər: “Halbuki onların gördüyü iş jurnalistin fəaliyyətinə mane olma, özbaşınalıq və xuliqanlıqdır. Bu əməl birbaşa zorakılığa daxildir”.