Erkən evliliyin yaratdığı FƏSADLAR: “Bu valideynlər həbs edilməlidir” – Sosioloqdan AÇIQLAMA

“Yetkinlik yaşına çatmayan şəxsləri erkən evliliyə vadar edənlərin həbs olunması problemin qarşısını ala bilər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, erkən evliliklərin qarşısını almaq üçün maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati cəzalar və digər cəzalar tətbiq olunsa da, məlum faktların qarşısı alınmır. O, qeyd edib ki, 2010-2011-ci illərdən bu yana Komitə və aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində bu faktlar azalmaqdadır. Lakin faktların ən pik həddi məhz 2011-ci ilə təsadüf edir.

Erkən evliliklərin qarşısını almaq üçün atılan addımların mümkün təsirləri ilə bağlı “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı öz fikirlərini Yenicag.az-la bölüşüb.

Sosioloqa görə, erkən evliliklə mübarizədə tətbiq olunan inzibati cəza tədbirlərinə əməl edilməməsi problemin həllinə mane olur:

“Uzun illərdir ki, erkən nikahla bağlı xoşagəlməz bir reallıq hökm sürür. Belə ki, erkən nikah aşkarlandıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən məlum quruma çağırılan valideynlərə qarşı heç bir həbs və ya cəza tədbirləri görülmür. Sadəcə müəyyən məbləğli cərimə ilə məsələ bağlanır. Bu hal dəfələrlə yaşanıb. Ona görə də erkən evliliklə bağlı hadisə yaşananda insanlar narahat olmurlar. Çünki son nəticə olaraq hansısa cəza tədbirinin görülməyəcəyini bilirlər. Yetkinlik yaşına çatmayan şəxsləri evləndirənlər 300-500 manat civarında cərimələnir. Ancaq rəsmi nikah qeydə alınmasa da, toy mərasimi ilə erkən evlilik yenə də baş tutur. Bu proses nikahsız, sənədsiz doğulan uşaqların sayını da artırır.

Erkən evliliyin qarşısını almaq üçün görülən tədbirlərdən biri də məcburi evliliyə yol açan şəxslərin 2 ildən 4 ilə qədər həbs olunmasıdır. Lakin bugünə kimi erkən nikaha görə hansısa şəxsin məsuliyyətə cəlb olunmasına rast gəlməmişəm”.

Gülşən Şərif