Erkən nikahlara görə sərtləşdirilən QANUNLAR: “Cəza siyasəti daha da sərtləşdirilməlidir”

“Hər bir dövlət aparatının qurumlarının erkən nikahlarla bağlı konkret prosedurları, təlimatları işlək vəziyyətdə olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisdə erkən nikahlarla bağlı qanunveriliyə təklif olunan əlavələr haqda danışan hüquqşunas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, erkən nikahlar, o cümlədən, nişanlılıq prosesi statistika baxımından bu gün ölkəmizdə ifrat dərəcədə yüksəkdir:

“Bununla bağlı Milli Məclisdə qanunvericiliyə əlavələrin olunması müsbət addımdır. Lakin cəza siyasətinin sərtləşdirilməsi, bu tip davranışlarla bağlı inzibati məsuliyyətin təyin olunması, inzibati məsuliyyət institutunun formalaşdırılması natamamlığa gətirib çıxaracaq. Çünki bununla bağlı qanunun işlək olması üçün mexanizm olmalıdır. Hər bir dövlət aparatının qurumlarının erkən nikahlarla bağlı konkret prosedurları, təlimatları işlək vəziyyətdə olmalıdır”.

Bu məsələ ilə bağlı əvvəlki illərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qadınların nikaha daxil olmasının məcbur edilməsi əməl olaraq cinayət hesab olunurdu. Hazırda bu, yenə də qüvvədədir. Sözügedən məcəllənin 176-1 maddəsinə görə, qadının nikaha daxil olmağa məcbur olunması 2 min manatdan 3 min manatadək cərimə və 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdu. Həmin əməllər nikah yaşına çatmayan şəxslərə qarşı törədildikdə isə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdu. Qeyd edim ki, indiki halda bizim nəinki inzibati məsuliyyəti tətbiq etməyimiz Cinayət Məcəlləsinin bu maddəsini daha sərt bir şəkildə işlənməsini təmin etməyimiz daha məqsədəuyğun olardı. Hesab edirəm ki, bununla bağlı QHT-lərin effektiv fəaliyyətini təmin etmək, nəticə etibarı ilə maarifləndirmə işi ciddi şəkildə aparılmalı və burada baş vermiş pozuntuların dövlətin sturuktur bölmələrinin vəzifəli şəxslərinə çatdırılması və ötürülməsi işi təşkil olunmalıdır. Ümumiyyətlə, ölkəmiz nikah məsələsində dini kəbini qəbul etmir. Burada yeni bir terminologiya ilə dini kəbin kəsməyə görə şəxslər min manat cərimə olunması ilə qarşılaşırıq. Hesab edirəm ki, bu məsələdə yetkinlik yaşına çatmayan şəxslərin dini kəbinlərinin kəsilməsi belə 176-1.2-ci maddəsi ilə tövsiv olunmalı, bununla bağlı cəza siyasəti daha da sərtləşdirilməlidir”.

İsmayıl Bakuvi

COP29