Erkən seçkilər və növbədən kənar namizədlər – Araz Zeynalov yazır

Azərbaycan artıq bir aydan çoxdur, seçki relsinə… Yox, cümlə tamamlanmır. Ölkədə seçki rüzgarı… Nə danışırsan, bu heç olmadı. 7 fevral seçkiləri digər mövzuları gündəmdən… Yenə o deyil.

Amma belə olması gərəkirdi. Növbədənkənar keçirilsə də, bu axı prezident seçkiləridir. Bəli, ölkə seçki relsinə keçməli, seçki rüzgarı qopmalı və başqa mövzular gündəmdən sıxışdırılmalıydı.

Bir həftədir, seçkilərin təşviqat mərhələsi başlayıb. Altı iddialı və favorit namizədin vəkili ödənişsiz efirdə təbliğat aparır. Onların elə birinci “debat”ı bu seçkilərin nə qədər “növbətçi” xarakter daşıdığını ortaya qoydu.

Altı iddialı sanki “birinci kreslo” yox, favorit namizədin təbliğatını daha effektli aparmaq uğrunda yarışır. Prezidentliyə namizədlərin debatı beləmi olmalıdır? Təbii ki yox. Aydındır, onların heç biri – hətta altısını da bir namizəddə “birləşdirsək” belə – İlham Əliyevlə real rəqabət aparacaq fiqur deyil.

Ancaq gözünü qaraldıb seçkiyə qatılıbsansa, mübarizə aparacaqsan. Bunu da bacarmırsansa, heç olmasa, mübarizə görüntüsü yaratmağa çalış. Lakin bu da yoxdur. Yaxşı, o zaman seçkidə nə işin var? Ritorik sual oldu…

İndiki sönük prosesdən fərqli aktiv seçki kampaniyasının da şahidi ola bilərdik. Sosial şəbəkədə yazmışdım, bu debat öz format və məzmununa görə bəsit tok-şounu xatırladır. İzləyirəm, seçkilər cəmiyyət bir yana, heç medianın özündə də əsas mövzu statusunda deyil.

Açığı, 2019-cu il bələdiyyə seçkiləri kampaniyası indiki prosesdən daha maraqlı idi. Çünki dinamika və real proses vardı, iddialılar gerçək mübarizə aparırdılar. İndikilər kimi əsas rəqiblərinin vəkili obrazına girməmişdilər. Cəmiyyət belə seçkiyə necə maraq göstərsin?

Namizədlərin debatını izləyənlərin gözü Hafiz Hacıyevi axtarır. Öz koloritli çıxışları ilə prosesə rəng qatırdı. Hə, əslində, bu amil çox düşündürücüdür. Publika prezident seçkilərində də “tamaşa” gözləntisindədir.

Niyə belə oldu? Daha bir ritorik sual…

COP29