“Zəruri resurslar yoxdursa, namizəd olmaq istəyən şəxs ya özünü reklam etməyə çalışır, ya da həqiqətən, qeyri-ciddi adamdır”.
Bu fikirləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən iddialıların sayının artıq 20-yə yaxınlaşmasına münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.O, mövzuya Çörçilin məşhur “demokratiya ən pis idarə üsuludur, lakin insanlar bundan yaxşısını icad edə bilməyiblər” deyimini xatırladaraq giriş edib:
“Azərbaycanda qanunun məhdudiyyət yaratmadığı hər kəs prezident seçkilərində öz namizədliyini irəli sürə bilər:
“Ancaq reallıqda bələdiyyə üzvü belə seçilə bilməyəcək bəzi şəxslərin bu seçkilərdə öz namizədliyini irəli sürməsinə yaxşı hal kimi baxmıram. Çünki qırx min imzanı toplamaq belə asan iş olsaydı, o zaman hər kəs prezidentliyə namizədliyini irəli sürərdi.
Seçkilərdə iddiasını ortaya qoyan şəxslər resursu nəzərə almalıdır: insan, vaxt və maddiyyat. Həmin resurslar yoxdursa, namizəd olmaq istəyən şəxs ya özünü reklam etməyə çalışır, ya da həqiqətən, qeyri-ciddi adamdır.
Çünki ad tanınanda, ictimai rəydə müəyyən fikir formalaşır. Bu rəylərin hansı istiqamətdə formalaşacağı isə şəxsin özündən asılıdır”.
Nəsimi Ələsgərli