Erkin Qədirli Yeni Yasamalda sakinlərin polislə insidenti haqda yazdı: “Ora mənim dairəm deyil”

“Bununla belə, oradakı bəzi sakinlərin polisə qarşı davranışı da düzgün olmayıb”.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı Erkin Qədirli ötən gün Yeni Yasamal yaşayış massivində sakinlərlə polis arasında yaşanan qarşıdurmaya münasibət bildirib.

Deputatın fikrincə, hər iki tərəfin davranışında qınanmalı məqamlar olub:

“Yeni Yasamaldakı videoda polisin davranışı ilə bağlı ilk baxışdan görünən pozuntular:

1) mülkiyyətə və özəl həyata qanunazidd müdaxilə;

2) gücün qeyri-mütənasib tətbiqi;

3) saxlanma qaydalarının pozulması.

Bununla belə, oradakı bəzi sakinlərin polisə qarşı davranışı da düzgün olmayıb. Bunu da qınamaq gərəkdir. Amma bu, polisin oradakı davranışına haqq qazandıra bilməz.

P.S. Bu gün xeyli jurnalist hadisənin deputat olduğum dairədə baş verdiyi gümanıyla mənə zəng edib. Özlərinə də dedim, burada da yazım – ora mənim dairəm deyil”.

Qeyd edək ki, ReAl Partiyasının təmsilçisi Erkin Qədirli Milli Məclisə bu il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinə 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputat seçilib.

COP29