Dünyanın ən böyük onlayn aliş-veriş saytlarından biri olan “Amazon” müştəri məmnuniyyəti siyasətinin qurbanı olub.
Yenicag.az xəbər verir ki, saytın bu siyasətində boşluq tapan ABŞ-lı cütlük şirkəti 1.2 milyon dollar dəyərində aldadıb.
Polisin araşdırmalarına görə, İndianada yaşayan Erin Finan (38 yaş) və Leah Finan (37) cütlüyü sifariş verdikləri məhsulları əldə etdikdən sonra onların qırıq, xarab olduğuna, çalışmadığına dair şikayət məktubları yazmağa başlayıblar. Ancaq onlar diqqət çəkməmək üçün bunu hər dəfə fərqli adlar və e-mail ünvalarından istifadə etməklə həyata keçiriblər. GoPro kameraları, Samsung/Apple telefonları, bahalı televizorlar və başqa müxtəlif elektronika məhsulları alan bu iki şəxs xarab olduğunu iddia etdikləri həmin malları üçüncü şəxs vasitəsilə də əl atından satıblar və xeyli qazanc əldə ediblər.
Onların bu fırıldağının üstü isə məhz şəxsi hesablarındakı pulun qısa zamanda artması sayəsində açılıb. Bütövlükdə, 2 milyona yaxın qazanc əldə edən Finan cütlüyü məhkəmə qarşısına çıxarılıb və onlar fırıldağı bütün detallarına qədər etiraf etmək məcburiyyətində qalıblar. Onların 20 il müddətinə həbs cəzası alması gözlənilir.