Erməni deputatlarla Paşinyan arasında anlaşılmazlıq: Hansı kəndlər Azərbaycana verilir? – DETALLAR

Nikol Paşinyanın Tavuşa son səfərindən sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları son günlərdə nələrin dəyişdiyini anlamağa çalışır.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Qəzetin hakim fraksiyadakı mənbəsi iddia edir ki, Paşinyan birtərəfli güzəştlər ideyasından geri çəkilib və Berkaberdən (Bibiş kəndidir. 1978-ci ildən ermənilər bu kəndi Berkaber adlandırmağa başlayıb – red.) şimalda hektarlarla ərazi mübadiləsinin aparılacağını deyib.

“Bizə söylədilər ki, sərhə Voskepar (Əskipara – red.) çayından keçəcək, bəzi ərazilər isə qarşılıqlı mübadilə ediləcək. Məsələ ondadır ki, həftələr əvvəl hakim partiyada Tavuşun ərazisindən 4 kəndin təhvil verilməsi mövzusunda qızğın müzakirə gedirdi. Paşinyan qapalı iclasda demişdi ki, bunun başqa çıxış yolu yoxdur, çünki kəndlər qayıtmasa, müharibə başlaya bilər.

Bəziləri mübahisə etdi ki, nə vaxtsa Azərbaycana “yox” deməliyik və Tavuş bunun üçün ən düzgün yerdir, çünki biz həyati əhəmiyyətli ərazilərdən imtina edə və bütün bölgəni Azərbaycanın nəzarətinə verə bilmərik. Bununla belə, Paşinyan inadında qalaraq bildirib ki, Alma-Ata bəyannaməsi əsasında güzəşt tələb edən beynəlxalq ictimaiyyətdir”, qəzet yazır.

Xatırladaq ki, erməni mətbuatının iddiasına görə, sərhədlərin delimitasiya prosesi ərazi mübadilələri ilə həyata keçiriləcək. Erməni mətbuatı iddia edir ki, Coğaz su anbarının şimalında yerləşən Odundağ yüksəkliyi Azərbaycana, Əskipara çayının qərb sahili isə Ermənistana veriləcək.

Rafi Müslümov

COP29