“Hazırda müxalifət yenə də etiraz aksiyaları prosesində iştirak edir, lakin onlar burada birbaşa kilsə ilə birləşib. Eyni zamanda, müəyyən xarici qüvvə var ki, onlar öz təzyiqini göstərir. Hamıya aydındır ki, əgər kilsənin yaratdığı prosesə “Qarabağ klanı”nın rəhbərləri də qoşulublarsa, deməli, “xoruzun quyruğu” görünməkdədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Siyasi şərhçi kilsənin başlatdığı etiraz aksiyaları və yürüş fonunda Paşinyan hakimiyyətinin narahatlıqlarını şərh edib.
N. Şəfiyev xatırladıb ki, kilsə nümayəndələrinin seçdiyi marşrut vaxtilə Paşinyanın keçdiyi marşrutdur:
“Yəni həmin o istiqamətdə İrəvana gələn Paşinyan vaxtilə Serj Sarkisyanı iqtidardan uzaqlaşdırıb, hakimiyyətə yiyələnmişdi. Müxalif qüvvələrə gəldikdə isə bunlar, əsasən, “Daşnaksutyun” və “Qarabağ klanı”nın üzvlərindən ibarətdir ki, Ermənistan əhalisində bunlara qarşı “allergiya” mövcuddur. O mənada ki, bunlar erməni xalqını kifayət qədər böyük bəlalara düçar edib, müharibələrə məruz qoyublar. Müəyyən vaxtdan sonra Ermənistan əhalisi bunu dərk edib. Lakin bu, o demək deyil ki, ermənilər bu dəqiqə azərbaycanlılarla dost olmağa hazırdır. Yox, sadəcə, onlar Paşinyan öncəki hakimiyyətin Ermənistana vurduğu ziyanı dərk ediblər”.
Onun sözlərinə görə, burada problem odur ki, Ermənistanın güc strukturları birmənalı olaraq Paşinyanı müdafiə ediblər:
“Amma kilsənin bu işə qarışması vəziyyəti bir qədər qəlizləşdirir. Çünki kilsə üzvləri və keşişlərin öndə getməyi bunun müəyyən bir “xaç yürüşü”nə çevrilməyi ehtimalını özündə ehtiva edir. Həmin güc strukturlarının isə bu məsələdə nə cür qərar qəbul edib fəaliyyət göstərəcəyini demək çətindir. Mənə elə gəlir ki, Paşinyanın əsas problemi budur və onu dərk edərək ehtiyat edir”.
“O ki qaldı onun nələrəsə istiqamət verib tələb etməsinə, burada söhbət ondan gedir ki, Paşinyan yalnız Ermənistanın strukturlarından deyil, eyni zamanda da xarici dövlətlərin strukturlarından təhlükəsizlik məlumatlarını alır. Bircə onu deyə bilərəm ki, yaxın günlərdə Ermənistanda çox gərgin hadisələr gözlənilir. Bu hadisələrin necə cərəyan etməsindən asılı olaraq, Paşinyanın hakimiyyətdə qalması, onu gücləndirməsi və 2 dövlət arasındakı münasibətlərin inkişaf etdirməsi vacib məsələdir. Lakin istənilən halda, Azərbaycan öz haqlı niyyətlərindən əl çəkən deyil. Biz bilirik ki, bu söhbətlər 4 kəndin geri qaytarılmasından başladı. Bu da onu göstərir ki, Ermənistanda revanşist əhval-ruhiyyə hələ də yüksək səviyyədədir. Diqqət yetirsək, görərik ki, bir qığılcım kifayət edir ki, bu hərəkat Ermənistanda baş qaldırsın”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, İrəvandakı analitiklər hesab edirlər ki, hakimiyyət kilsənin sözügedən yürüşü fonunda genişmiqyaslı aksiyaların başlamasından ehtiyat edir. Erməni KİV-nin iqtidara yaxın mənbələri yazır ki, bununla bağlı hakimiyyətin siyasi kuluarlarında məsləhətləşmələr aparılıb və baş nazir bir sıra tapşırıqlar verib.
Rafi Müslümov