Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşan “İnternet azadlığı: internet medianın rolu və vəzifələri” adlı konfransda iştirak edir.
Yenicag.az xəbər verir ki, konfransda ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərləri iştirak ediblər. Konfransda çıxış edən ASGA sədri Səbuhi Abbasov internet media sahəsində mövcud olan aktual problemləri qaldırmaqla yanaşı Azərbaycan əleyhinə durmadan neqativ fikirlər söyləyən Arzu Qeybullayevaya sərt cavab verib:
“Hörmətli xanımlar və cənablar. Məndən öncə çıxış edən dəyərli həmkarlarım Avropada və dünyada yeni medianın inkişaf perspektivləri, mövcud problemləri barədə geniş məruzə etdilər. Mən də çıxışımda Azərbaycanda, Cənubi Qafqaz regionunda internet medianın vəziyyəti, mövcud problemlər barədə danışacam. Artıq 26 ildir ki, Azərbaycan müstəqillik əldə edib, demokratik inkişaf yoluna qədəm qoyub. Heç kimə sirr deyil ki, Post Sovet ölkələrinin böyük əksəriyyəti keçid dövrünü böyük itkilərlə keçirdilər. Bəzi ölkələrdə bu proses hələ də davam edir. Ölkəmiz bu prosesi minimum itki ilə başa vurdu. Bu prosesdə azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu var. Mətbuatımızın problemlərinə gəlincə isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə də təsir göstərib. Çünki media öz işini daha çox reklam, piar üzərində qurur və istənilən şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklam və piardan olur. Sosial şəbəkələr və media tamamilə başqa müstəvilərdir. Sosial şəbəkələrin işləmə prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir.
Mən burada çıxış edən və ölkəmizi durmadan aşağılayan Arzu Qeybullayevanın fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Əvvəla erməni mediasında işləyən birisi Azərbaycanla bağlı obyektiv rəy bildirə bilməz. Bu, sadəcə, mümkün deyil.
Digər bir tərəfdən biz burada dünyada internet medianın rolu və vəzifələrindən danışmaq üçün toplaşmışıq. Ümid edirəm konfrans hər kəs üçün faydalı olacaq. Bu faydalılığı hər vəchlə pozmaq düzgün deyil. Hər kəs gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir”.
Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirəcək.