Erməni mətbuatından Qarabağ erməniləri ilə bağlı İDDİA: Geri qayıdırlar?

“Erməni nəşrlərin iddia etdiyi kimi, aprelin 5-də Qarabağ ermənilərinin yekun taleyinin müzakirə ediləcəyi ilə xəbərlər heç bir yerdə göstərilmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi analitik Nadir Şəfiyev söyləyib.

O, 5 aprel görüşü çərçivəsində erməni nəşrlərinin Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi iddialara toxunub.

Xatırladaq ki, Ermənistan mətbuatı sabahkı görüşdə Qarabağ ermənilərinin yekun taleyi və təhlükəsizlikləri ilə bağlı danışıqların keçiriləcəyini iddia ediblər. Sözügedən məsələ ilə bağlı Ermənistan siyasi hakimiyyəti hər hansı bir açıqlama yaymasa da, müxalif media güman edir ki, Qərbin İrəvana vədləri sırasında Qarabağ ermənilərinin də payına düşəcək hissələr olacaq.
Məsələyə münasibət bildirən N. Şəfiyevin fikrincə, Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında da, əsasən, iqtisadi məsələlərin müzakirə olunması qeyd edilib.

“Çox güman ki, görüşdə Ursula fon der Leyen Fransanın təkidi ilə digər məsələləri qaldırsın. Bu məsələlər isə Ermənistanın təhlükəsizliyi ilə bağlı olan məsələlərdir. Burada da əsas hədəf kimi Rusiya göstərilir. Yəni bu görüş Rusiyaya qarşı hədəflənib, məqsəd isə Rusiyanın buradakı təsirinin azaldılması, Ermənistandan 102-ci bazanın və rus sərhədçilərinin çıxarılmasıdır”, – deyə o əlavə edib.

“Əslində, sadaladığım məsələlərə ətrafında müzakirələr aparıla bilər. Yəni bu, onların öz işidir, seçim onlarındır və biz buna öz mövqeyimizi bildirmişik, amma müdaxilə edə bilmərik. Lakin bunun nəticəsində təbii olaraq Azərbaycan üçün müəyyən təhdid var. Təsadüfi deyil ki, Azərbaycan bununla bağlı artıq Xarici İşlər Nazirliyi səviyyəsində bəyanat yayaraq çıxış edib. Amma bunun ən böyük zərbəsi Ermənistanın özünə dəyəcək. Ermənilər bu haqda deyilənləri bəzən adi söz kimi qəbul etsələr də, əslində, bu, heç də adi deyil”, – Nadir Şəfiyev bildirib.

Analitik xatırladıb ki, əvvəllər ermənilər böyük məmnunluqla Rusiya Xarici İşlər Nazirlinin sözçüsü Mariya Zaxarovanın dediklərini öz medialarına yazırdılar:

“Lakin axır vaxtlar, xüsusilə də sentyabrdakı antiterror əməliyyatı keçiriləndən sonra ermənilər Zaxarovanı anti-erməni ruporu kimi təqdim edirlər. Amma Zaxarovanın son günlər dediklərində böyük rasional məqamlar var. Zaxarova bildirir ki, ABŞ və başda Fransa olmaqla kimə nə vəd ediblərsə, sonradan həmin ölkədə faciələr yaranıb. Onlar Əfqanıstana, İraqa “demokratiya və inkişaf” gətirməyə çalışdılar. Onların təbirincə desək, İraqı diktator Səddam Hüseyndən xilas etmək, Liviyada Muəmmar Qəddafini devirərək bu ölkəyə guya xoş gün gətirmək niyyətində idilər. İndi baxaq, görək, bu ölkələr nə vəziyyətdədir? Bunlar təbliğat sorğusu deyil, sadəcə olaraq, baxmaq lazımdır ki, son 30 ildə nə baş verib və vəziyyət nə yerdədir?”

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin həyata keçirdiyi siyasət Ermənistanı həmin vəziyyətə sala bilər:

“Azərbaycan Qarabağdan çıxan erməni əhali ilə bağlı öz mövqeyini bildirib. O cümlədən, digər ərazilərdən qovulan məcburi köçkünlər, Ermənistandan məcburi şəkildə deportasiya edilən qaçqınlarla bağlı da öz mövqeyini dəfələrlə səsləndirib ki, məsələ yalnız müəyyən çərçivə ilə həll oluna bilər. Azərbaycan heç vaxt deməyib ki, ermənilər Qarabağa qayıda bilməz. Yalnız o ermənilər ki, onlar 1989-cu ilə qədər orada yaşayırdılar. Çünki həmin vaxtdan etibarən, həm Ermənistanın özündən, həm də xaricdən ermənilər oraya gəlməyə başladılar. Onlar həm döyüşçü, həm də əhali qismində orada yaşayıb törədilər. Qarabağın işğalından sonra isə bölgəyə külli miqdarda ermənilər gətirildi. İndi onların Azərbaycan ərazisində yaşaması qanunsuzdur. Azərbaycan buna yol verməyəcək. Çünki bu gələcəyimiz üçün çox böyük təhdiddir”.

“Buyurub rəsmi müraciət etsinlər, müvafiq strukturlarımızın yoxlanışından keçəndən sonra Azərbaycan vətəndaşlığını qəbul edib köçə bilərlər. Bunun müqabilində, Ermənistan hakimiyyəti də qaçın düşmüş azərbaycanlılar üçün yaratsın. Mən bir vətəndaş kimi, başqa varianta razı deyiləm və güman etmirəm ki, Azərbaycan hakimiyyəti başqa variantlarla razılaşsın.
Digər təhdidlərə gəldikdə isə ölkəmiz öz hüquqlarını sosial-siyasi, iqtisadi və hərbi müstəvidə qorumağa qadirdir və bununla bağlı Azərbaycanın lazımi səviyyədə etibarlı müttəfiqləri var. Yəni hər hansı bir təhdid olarsa, qarşısını almaq üçün kifayət qədər gücümüz mövcuddur”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29