Erməni “Qarabağ” mahnımızı oxuyur, bizimkilər də “Ölüm-ölüm”: Niyə ölmürsünüz? – Cəvahir Nehru yazır

Erməni müğənni Gor Yepremyan tərəfindən mətni dəyişdirilərək “Sirun jan” adı altında “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilən, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” əsəri ilə bağlı görülən tədbir bəhrəsini verdi.

Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Əqli Mülkiyyət Agentliyi birgə bəyanat yaydı və görülən tədbirlərin ilkin nəticəsi olaraq erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı “Youtube” platformasından silindi.

Amma bu, belə halın bir daha təkrarlanmayacağına zəmanət vermir. Xisləti bəlli olan və başqa xalqların mədəniyyətini, musiqisini öyrənməyə, Məşədi İbad demişkən, bir növ adətkərdə olan erməni yenə də mahnılarımızı oğurlamağa davam edəcək. Çünki həmişə belə olub. Sözümün “mustafası” budur ki, yalnız rəsmi bəyanatların verilməsi kifayət etmir. Mahnılarımızı təbliğ etməliyik. Bu məsələdə telekanalların üzərinə böyük məsuliyyət düşür. Bütün günü əcnəbi ladlar üzərində “çikkada-çukkada” səviyyəsindən o yana keçməyən “üç badam, bir qoz” ritmində mahnıları efirlərdə təbliğ etməkdənsə, dillər əzbəri olan əsl musiqilərə yer ayırsınlar.

İnanın, erməni bu mahnını oğurlayıb, öz adına çıxmasaydı, heç “Qarabağ” mahnısı yada belə düşməyəcəkdi. Eləcə də onun kimi minlərlə mahnılarımız var ki, arxivlərdə yatıb qalır. İnsanların zövqünü korlayan, musiqimizi böyrü üstə qoyan bayağı mahnılar ayaq açıb yeriyir. Hamısı da “trenddə birincidir” adı ilə kütləyə sırınır. İnsanlara da elə gəlir ki, elə əsl musiqi yəqin bunların oxuduqlarıdır. Erməni hansısa bir musiqimizi oğurlayanda yadımıza düşür ki, belə mahnılarımız var. Oxuyun da, ay müğənnilər, niyə oxumursuz? Özgələrin sevə-sevə oxuduğu, öz adlarına çıxıb təbliğ etdiyi musiqilərimizi siz heç tanımırsınız? Özünüz yazıb, özünüz bəstələyib, özünüz də oxuyursunuz. Amma oxuduqlarınız da Azərbaycan musiqisinə zərbə vurmaqla məşğuldur.

Dəfələrlə bu vəziyyət təkrarlanır. Erməni oğurlayır, bizimkilər bəyanat yayır, yenə də nəticə dəyişmir. Köhnə hamam, köhnə tas. Efirlərdə o musiqilərin təbliğatına başlamaq lazımdır. Beş dəfə “Can-cana” oxunanda, bir dəfə də heç olmazsa, “Qarabağ”, “Ay işığında”, “Şuşanın dağları”nı oxusunlar. Heç olmazsa, köhnə lent yazılarını səsləndirin. Həm yeni nəsil musiqisindən, mədəniyyətindən xəbərdar olsun, həm qulağımızın pası tökülsün, həm də bütün dünya görsün ki, bunlar Azərbaycan musiqiləridir. Kağız üzərində yatıb qalan mahnıları işıq üzünə çıxarmalıyıq. Buna çox gec qalmışıq, amma təbliğata başlamalıyıq, mütləq başlamalıyıq.

Yoxsa ki, erməni “Qarabağ” mahnımızı oxuyur, bizimkilər də “Ölüm-ölüm”ü.

Niyə ölmürsüz?

COP29