“Erməni tərəfi son anda debata çıxmadı” – Aqil Ələsgər “Rudew”ə müsahibəsindən danışdı – VİDEO

“Yeni Çağ” media qrupunun baş redaktoru Aqil Ələsgər Şimali İraq Kürd Muxtariyyətinin “Rudew” kanalına müsahibə verib.

Yenicag.az xəbər verir ki, bu haqda Aqil Ələsgər özü məlumat verib.

“Dünən Bağdaddakı millətçi dostlardan biri aradı və Bərzaniyə bağlı məşhur Rudew Telekanalının Tovuzda baş verənlərlə bağlı reportaj hazırlamaq istədiyini bildirdi. Rudew hər nə qədər Bərzaniyə bağlı olsa da, prinsip etibarı ilə bizimlə daban-dabana zidd ideologiyaya sahib olsa da, o bölgədə ciddi izləyicisi olan telekanaldır. Sonra kanaldan zəng etdilər və mövzunilə bağlı razı olursam, debat təşkil etmək istədiklərini bildirdilər. Mən tərəddütsüz razı olsam da, erməni tərəfi son anda Skayp bağlantısında olmadı. Adını nə istəsək qoymaq olar, ancaq əsas odur ki, aparıcı opponentim oldu və mən dövlətimin və xalqımın təbliğatını dost olmayan kanalda etməyə müvəffəq oldum. Sadəcə, diqqətimi bir məqam çəkdi. Elmar Məmmədyarovun çıxarılması ilə bağlı sual verərkən, aparıcı sabiq nazirdən barış tərəfdarı olduğu üçün azad edildiyini iddia etdi. Mən isə öz növbəmdə Məmmədyarovun çıxarılmasının əslində ötən ilin əvvəlində başlayan islahat dalğasının bir parçası olduğunu, sadəcə, son yaşananların bardağı daşıran son damla hesab etdiyimi, eyni zamanda xalq və dövlət olaraq, hamımızın sülhpərvər olduğumuzu, ancaq bunun mövcud durumla barışıb, işğala göz yumacağımız anlamına gəlmədiyini bildirdim.
Bir qızıldərili atalar sözü belədir: Nə zamana qədər aslanlar öz tarixlərini yazmayacaqlar, insanlar ovçuların nağıllarını dinləməyə davam edəcəklər.

Görünən odur ki, biz fərqli media platformalarda çıxış etmədikcə, fərqli kəsimlərə sözümüzü çatdırmayana qədər düşmənin anti-təbliğatı bizdən bir addım öndə olacaq. Onun üçün çalışmalı, çalışa bilmiriksə də, çalışanların önünə daş yığmamalıyıq” – deyə Aqil Ələsgər bildirib.